Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü respublikamızın bütün guşələrində böyük coşğu ilə qeyd olunur. Tarixdən bəllidir ki, hər bir xalqın, hər bir ölkənin taleyində lider amili müstəsna rol oynayıb. Məhz cəsarətli, uzaqgörən və təəssübkeş liderlərin sayəsində ayrı-ayrı xalqlar çətinliklərdən qurtularaq nicat tapıblar. “Heydər Əliyev Azərbaycan və xalqımız üçün kimdir?” sualının cavabı çox genişdir. Qısaca onun həyatını bütünlüklə xalqa, dövlətə, Vətənə həsr olunan ömür kimi səciyyələndirə bilərik. Bu gün ümummilli səviyyədə dərk olunur ki, O, Azərbaycan üçün bütün zamanların ölməz Lideri olaraq yaşayacaq. İllər ötür, bizləri Onun fiziki yoxluğundan ayıran zaman məsafəsi uzanır. Ancaq təzada bir baxın: O dahi şəxsiyyət bizə getdikcə daha yaxın olur. Biz Onu yalnız söhbətlərdə, xatirələrdə anıb yada salmırıq. Bu parlaq şəxsiyyət-Liderin yeri və rolu, qoyduğu silinməz izlər respublika həyatının bütün sahələrində real olaraq aydın görünür.
Heydər Əliyev uzaqgörən olduğu qədər də milli təəssübkeş idi, bu Vətənin, bu xalqın oğlu olduğuna görə sonsuz qürur duyurdu. Məlumdur ki, Heydər Əliyev Azərbaycana bir-birindən fərqli qütblərdə dayanan iki ideoloji formasiyada rəhbərlik edib. Lakin şərait, ideoloji tələblər müxtəlif olsa da, Heydər Əliyevin milli ruhu və uzaqgörənliyi Onun Azərbaycana rəhbərlik etdiyi hər iki dönəmdə - istər keçmiş sovet dövründə, istərsə də müstəqillik illərində respublikamızın böyük uğurlar əldə etməsinə yol açıb. Keçmiş sovet dövrü milli respublikalar, o cümlədən də Azərbaycan üçün bir sıra qadağalarla səciyyələnirdi. 1969-cu ildə Azərbaycanın rəhbərliyinə gələn Heydər Əliyev isə rejimin buxovlarını məharətlə sındıraraq milli dirçəlişə, gələcəkdə müstəqil yaşamağa zəmin ola biləcək fundamental əsaslar yaratmağa nail oldu. Heydər Əliyev qısa müddətdə respublikamızı keçmiş ittifaqın aqrar region çərçivəsindən çıxardaraq yüksək texnologiyalı sənaye inkişafına istiqamətləndirdi. Eyni zamanda, milli-mədəni irsin xalqın özünüdərk hissinin yüksəlməsində rolunu yüksək qiymətləndirən Heydər Əliyev ənənələrin qorunub saxlanılmasını, Bakıda ədəbiyyat və incəsənət xadimlərinə abidələrin ucaldılmasını, klassik şair və yazıçıların əsərlərinin çapını daim diqqət mərkəzində saxlayırdı ki, bütün bunlar da insanlarda milli mənsubiyyətə görə sonsuz qürur yaradırdı. Milli ideoloji siyasətin tərkib hissəsi kimi, 1978-ci ildə Heydər Əliyevin cəhdləri və təşəbbüsü sayəsində Azərbaycan SSR-in Konstitusiyasına “Azərbaycan dili Azərbaycan SSR-in rəsmi dövlət dilidir” maddəsi daxil edildi. Bu, milli ideologiyamızın funksional vahidi olan milli dilimizin mühafizəsi və təbliği baxımından mühüm tarixi strateji addım oldu. Bunun ardınca “Müasir Azərbaycan dili” və “Azərbaycan dili” dərslikləri hazırlandı. Heydər Əliyevin azərbaycanlı gəncləri keçmiş ittifaqın nüfuzlu ali məktəblərində təhsil almağa göndərməsi üzaqgörənliyin və milli təəssübkeşliyin zirvə nöqtəsi sayıla bilər. Ümumilikdə Heydər Əliyevin respublikaya rəhbərlik etdiyi dövrdə SSRİ-nin ən nüfuzlu ali təhsil müəssisələrində 17-18 minədək yüksək ixtisaslı azərbaycanlı mütəxəssis hazırlandı. Həmin mütəxəssislər sonradan müxtəlif sahələrdə çalışmaqla müstəqil dövlət quruculuğuna öz təhfələrini verdilər.
Heydər Əliyevin fəaliyyətindən bütün dünya azərbaycanlılarının ümummilli ideologiya ətrafında birləşdirilməsi, xalqın milli-mənəvi vəhdətinə nail olunması qırmızı xətt kimi keçirdi. 1982-ci ildə keçmiş ittifaq dövlətinin rəhbərliyinə irəli çəkilən Heydər Əliyev doğma Vətəndən uzaqda yaşasa da, Azərbaycanın inkişafını və problemlərini diqqət mərkəzində saxlayırdı. 1987-ci ildə keçmiş SSRİ rəhbərliyində tutduğu vəzifələrdən getməsinə baxmayaraq, Heydər Əliyevin qəlbi yenə də Azərbaycanla döyünürdü. 1990-cı il yanvarın 19-dan 20-ə keçən gecə Bakıda törədilən qanlı faciəni xatırlayaq. 20 Yanvar qətliamı imperiya qüvvələri tərəfindən törədilmişdi. Belə vəziyyətdə Heydər Əliyev heç nədən çəkinməyərək, Özünün və ailə üzvlərinin həyatını təhlükə qarşısında qoyaraq Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gəldi, Bakıda törədilən qırğını qətiyyətlə pislədi və informasiya blokadasını yardı.
Tale elə gətirdi ki, həmişə Azərbaycanın müstəqilliyini arzulayan, bütün şüurlu fəaliyyətini bu istiqamətdə quran Heydər Əliyev respublikamızın müstəqilliyini qorumaq missiyasını da elə Özü yerinə yetirdi. Qeyd edək ki, Heydər Əliyevin Azərbaycanın real müstəqilliyinə nail olmaq üçün açıq müstəvidə mücadiləsi Onun həyatının Naxçıvan dövründən başladı. Xatırlayaq ki, Muxtar Respublikanın Ali Sovetinin seçkilərdən bir qədər sonra-17 noyabr 1990-cı il tarixində çağrılan sessiyasına sədrlik Heydər Əliyevə həvalə olundu. Sessiyada Onun təşəbbüsü ilə Naxçıvan Ali Sovetinin adı dəyişdirilərək Naxçıvan Respublikasının Ali Məclisi adlandırılması haqqında qərar çıxarıldı, Azərbaycan Xalq Cümhuriyyətinin o vaxtlar çoxlarının tanımadığı üçrəngli bayrağı Naxçıvan Ali Məclisində qaldırıldı. Onun çağırışı ilə Naxçıvanın 1991-ci il martın 17-də keçmiş sovet ittifaqının saxlanması ilə bağlı keçirilən referenduma qatılmaması Azərbaycan xalqının müstəqillik ideyalarına inamını artırdı, insanlarda qarşısıalınmaz mübarizə əzmi yaratdı.
Sonrakı mərhələdə - 1993-cü ilin yayından etibarən Heydər Əliyev Azərbaycan naminə fəaliyyətini Bakıda davam etdirdi. O dövrün mənzərəsini göz önündə canlandıraq. Xaos, iqtisadi və siyasi böhran, vətəndaş qarşıdurması, torpaqlarımızın işğal altına düşməsi, cəmiyyətdəki sabahkı günə ümidsizlik müstəqilliyin ilk illərində ölkəmizi səciyyələndirən əsas cəhətlər idi. Vəziyyət o qədər ciddi hal almışdı ki, hətta müstəqilliyin itirilməsi təhlükəsi də real idi.
Müstəqilliyimiz, respublikanın gələcəyi üçün həmin böhranlı günlərdə xalq son ümidini sınanmış oğlu Heydər Əliyevə bağlayaraq təkidlə Onun Azərbaycanın siyasi rəhbərliyinə gəlməsini tələb edirdi. Bütövlükdə Azərbaycanın inkişaf salnaməsini yazan Heydər Əliyev şəxsi həyatı üçün təhlükələrə baxmayaraq, bu dəfə də xalqının yanında olmağa qərar verərək 1993-cü il iyunun 9-da Bakıya gəldi və bu gəliş respublikamızın qurtuluş tarixinin başlanğıcı oldu. Az sonra ölkə Prezidenti seçilən Heydər Əliyevin müdik və uzaqgörən siyasəti sayəsində Azərbaycanda hadisələr müsbət məcraya yönəldi, ölkənin parçalanması təhlükəsi aradan qaldırıldı, qanunsuz silahlı qruplaşmaların dövlət çevrilişləri cəhdlərinə son qoyuldu. Ölkə sabitliyə, inkişafa və sosial rifaha istiqamətləndi.
Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqının gələcəyinə istiqamətlənmiş strategiyasında elm və təhsil sahəsinin inkişaf etdirilməsi prioritet istiqamətlərdən biri olub. Heydər Əliyev hakimiyyətinin bütün dönəmlərində bu sahələrin inkişafına böyük qayğı göstərirdi. “Təhsil sahəsi həyatımızın ən gərəkli, ən mühüm sahəsidir. O, milli məqsədlər, mənafelər əsasında qurulmalıdır”, - deyən dahi rəhbər təhsil siyasətinə dövlətçiliyin təməl prinsiplərindən biri kimi yanaşıb. Bu istiqamətdə həyata keçirilən islahatlar təhsilin bütün pillələrini və maddi-texniki bazasını əhatə edib. Ötən əsrin 70-ci illərindən başlayaraq Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycanda elm və təhsil islahatları bu sahələrin inkişafında xüsusi mərhələ təşkil edir. Məhz Heydər Əliyevin siyasəti nəticəsində respublikamızda bir sıra elmi institutlar, ali təhsil müəssisələri yaradılıb, müxtəlif sahələrdə peşəkar kadrlar hazırlanıb. Heydər Əliyevin bu siyasətinin dərin fəlsəfi-ideoloji əhəmiyyəti var. Çünki hər bir millət, cəmiyyət yalnız öz elmi və təhsili sahəsində zirvələrə yüksələ bilər.
Ulu Öndər Heydər Əliyevin ən böyük amalı Azərbaycanın müstəqilliyinin qorunması və ərazi bütövlüyümüzün təmin olunması idi. Onun qəlbində Ermənistanın işğalına son qoyulacağına, ərazi bütövlüyümüzün gec-tez bərpa olunacağına, xalqımızın Şuşaya, Kəlbəcərə, Laşına, Ağdama və digər yurd yerlərimizə qayıdacağına böyük inam var idi. Heydər Əliyevin səyləri və diplomatik məharəti sayəsində 1994-cü ilin mayında atəşkəsə nail olunması, eləcə də “Əsrin müqaviləsi”nin imzalanması Azərbaycana öz gücünü səfərbər etmək, iqtisadiyyatını gücləndirmək və yüksək döyüş qabiliyyətinə malik ordu qurmaq üçün imkanlar açdı.
2003-cü il 15 oktyabr tarixində Azərbaycan Prezidenti seçilən cənab İlham Əliyev Ulu Öndərimizin siyasətini davam etdirərək ötən dövrdə bu imkanlardan səmərəli istifadə etməklə respublikamızı yeni inkişaf mərhələsinə yüksəltdi. Respublikamızda müasir ordu formalaşdırıldı. Ölkəmiz ərazi bütövlüyünün və suverenliyinin tam bərpasına da məhz yaradılan potensial sayəsində öz gücünə nail oldu.
Bu gün Prezident İlham Əliyev Heydər Əliyev siyasətinin varisliyini yüksək səviyyədə təmin etməklə güclü Azərbaycan formalaşdırmağa nail olub. Hazırda respublikamız dünyaya nümunəvi inkişaf modeli təqdim edir. Böyük narahatlıqların izənildiyi dünyada Azərbaycan inkişaf və sabitlik adası kimi fərqlənir. Prezident İlham Əliyevin bəyan etdiyi kimi, ölkədə aparılan siyasətin mərkəzində vətəndaş amili dayanır. Respublikamızın siyasətinin konturları hansısa mərkəzlərdə deyil, məhz Bakıda dövlətimizin başçısı tərfindən müəyyənləşdirilir ki, bu da son dərəcə qürurvericidir. Ərazi bütövlüyünü və suverenliyini öz gücünə təmin edən Azərbaycan yenə də kənardan dəstək almadan işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı quruculuq-bərpa işləri həyata keçirir. Göz önündə yeni, daha abad, daha müasir bir Qarabağ formalaşır. Eyni zamanda, elm və təhsilə diqqət ölkə gündəliyində çox həssaslıqla yanaşılan məsələlər sırasında yer alır. Respublikamızda dövlət xətti və Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun dəstəyi ilə müasir təhsil infrastrukturu qurulub və bütün ölkə üzrə keyfiyyətli təhsilə əlcatanlıq artıb. Qəbul olunan Dövlət proqramlarına uyğun olaraq istedadlı gənclərimiz dünyanın ən qabaqcıl universitetlərində yüksəksəviyyəli təhsil almaq imkanlarına malikdirlər. Bütün bunlar isə o anlama gəlir ki, Azərbaycanda Heydər Əliyev ideyaları yaşayır və bundan sonra da yaşayacaq!
- İlham Əliyevlə hər görüşümdə mənə bildirib ki... - Tatar
- Heydər Əliyev siyasəti uğurlarımızın təminatıdır
- Hindistan-Azərbaycan aviareyslərində dəyişiklik... - Rəsmi
- Ermənistanın Zəngəzur dəhlizinə qarşı yeni planı
- Hindlilər Azərbaycana boykot çağırışı etdilər - Foto
- Vaxtilə Heydər Əliyevə müxalif idik, sonra dərk etdik ki...
- Azərbaycan-Vyetnam əməkdaşlığı illərin sınağından keçib
- Vyetnam liderinin xanımı İçərişəhərdə...