Bakıda keçirilən İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimində çıxış edən Prezident İlham Əliyev ölkəmizin iqtisadi inkişafı, xarici investorlar və bank institutları ilə səmərəli əməkdaşlığı, regional layihələrin icrası ilə bağlı mühüm mesajlar verdi. İslam Bankının bu toplantısının Azərbaycanda keçirilməsi tərəflər arasında güclü əlaqələrin olmasını təsdiqləyir. Ölkəmizin ikinci dəfə bu cür mötəbər tədbirə ev sahibliyi etməsi əməkdaşlıq səviyyəsini və birgə fəaliyyətin miqyasını aydın şəkildə əks etdirir.
BUTA.TV xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Samir Vəliyev deyib.
Deputat bildirib ki, Azərbaycan və İslam İnkişaf Bankı Qrupu arasında 30 ildən artıqdır yaxın tərəfdaşlıq münasibətləri ölkəmizə maliyyə resurslarının cəlbi və bir çox sektorlar üzrə ölkə iqtisadiyyatını şaxələndirmək baxımından mühüm əhəmiyyət kəsb edir:
“Qarşılıqlı əməkdaşlıq iqtisadi inkişafa və sosial siyasətə də əhəmiyyətli təsir göstərib. Prezident İlham Əliyevin dediyi kimi, Azərbaycan son bir neçə il ərzində bir sıra sosial dəstək paketlərini həyata keçirib. Bu sosial dəstək paketləri ölkə əhalisinin 30 faizdən çox hissəsini əhatə edib. “Azərbaycanda yoxsulluq və işsizlik səviyyəsi təxminən 5 faiz civarındadır. Bu məsələlər daim dövlətin diqqət mərkəzindədir. Əhalimizin sayı artdıqca yeni çağırışlar da meydana çıxır. Təəssüf ki, bir sıra ölkələrdə, o cümlədən bəzi müsəlman ölkələrində əks tendensiyalar müşahidə olunur ki, bu da əlavə sosial-iqtisadi çətinliklər yaradır. Belə şəraitdə yeni iş yerlərinin açılması, sosial infrastrukturun qurulması və əhalinin rifahının yüksəldilməsi xüsusi əhəmiyyət daşıyır. Azərbaycanda həyata keçirilən məqsədyönlü siyasət nəticəsində işsizlik səviyyəsi çox aşağı həddə saxlanılır”.
Millət vəkilinin sözlərinə görə, Azərbaycan 1992-ci ildə İslam İnkişaf Bankına üzv olmaqla, möhkəm əməkdaşlıq üçün zəmin yaradıb:
“1995-ci ildən sonra fəal müstəviyə keçən tərəfdaşlıq uğurla inkişaf edərək Bank Qrupunun infrastruktur, enerji, kənd təsərrüfatı və sosial xidmətlər sahələrinə sərmayədar statusunu artırıb. Azərbaycanın Bank Qrupunun aparıcı institutları olan Ticarətin Maliyyələşdirilməsi üzrə Beynəlxalq İslam Korporasiyası və Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyasına üzv olması əməkdaşlığın miqyasını daha da böyüdüb. 2016-cı ildə Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyası ilə Bakı Beynəlxalq Dəniz Ticarət Limanı arasında imzalanmış Anlaşma Memorandumu regional nəqliyyat infrastrukturlarının modernləşdirilməsində mühüm rol oynayıb. Eləcə də Bakı-Tiflis-Qars dəmir yolu və Ələt Azad İqtisadi Zonası kimi layihələrin maliyyə təchizatçısı olub. Ümumilikdə, İslam Bankı Qrupu indiyə qədər 84 layihə üzrə təxminən 1,8 milyard dollar həcmində maliyyələşdirməni təmin edərək böyük investorlar ailəsində yer alıb. Bankın yönəltdiyi sərmayələr Azərbaycan iqtisadiyatının şaxələndirilməsi və mühüm infrastrukturların yaradılması və inkişafında müsbət dəyişikliklərə səbəb olub”.
“Toplantının “Davamlı rifah naminə regional inteqrasiya” mövzusunun müasir dövrün çağırışları baxımından xüsusi aktuallıq daşıdığını nəzərə alsaq, davamlı rifahın təmin olunması üçün nəqliyyat və iqtisadi əlaqələrin gücləndirilməsi, ticarət və investisiya əməkdaşlığının dərinləşdirilməsi, eləcə də hökumətlər, inkişaf institutları, özəl sektor və digər tərəfdaşlar arasında sıx əməkdaşlıq vacibdir. Bu, sıx dialoq konkret istiqamətlərə çevrilərək ideyaların investisiyaya, vədlərdən real fəaliyyətə keçidi təmin edən canlı platformaya çevrilir. İnklüziv iqtisadi artım yalnız siyasətlə deyil, sahibkarlıqla, yalnız dövlət səyləri ilə deyil, özəl təşəbbüslərlə, yalnız maliyyələşmə ilə deyil, etimad və tərəfdaşlıqlarla təmin olunur. Bu baxımdan Azərbaycan İslam ölkələri və digər tərəfdaşlarla İİB Qrupu arasında maliyyələşdirmə potensialını təmin edərək real inkişafa töhfə verir”, - deyə Samir Vəliyev vurğulayıb.
- Prezidentin tezislərinin məmurlar tərəfindən nəzərə alınması...
- Məzunları imtahanda ən yüksək nəticə göstərən ali məktəblər
- Ankarada Azərbaycan dilindən imtahan keçirildi
- Gömrük Komitəsinin İdarə rəisi işdən çıxarıldı - Foto
- Ağdamda əmək yarmarkası: 160-dan çox vakansiya təqdim edildi
- Elçibəyin şəxsi mühafizə xidmətinin rəisi vəfat etdi
- Zakir Fərəcov növbəti səyyar vətəndaş qəbulu keçirdi
- Bakıda saxlanılan Rusiya vətəndaşlarına hökm oxundu