Tramp daha 3 ölkəyə hücuma hazırlaşır - Çin nə edəcək?

07:54 - 5 Yanvar 2026 - SİYASƏT

 Tramp daha 3 ölkəyə hücuma hazırlaşır - Çin nə edəcək?

ABŞ Prezidenti Donald Tramp son çıxışında Venesueladan sonra növbənin Kuba, Meksika və Kolumbiyaya çatacağına işarə edib. Bu dövlətlər narahat olmalıdırlar. Dövlət katibi Marko Rubio Trampın özündən əvvəlki prezidentlərdən fərqini belə qiymətləndirib: “Tramp nə deyirsə, onu da edir”.

BUTA.TV xəbər verir ki, bu sözəri politoloq Elxan Şahinoğlu qeyd edib.

O bildirib ki, ABŞ Kubada 1959-cu il inqilabından sonra Kastro rejimini devirmək üçün müxtəlif üsullara əl atdı, heç biri işə yaramadı, sonra SSRİ-nin “azadlıq adasından” nüvə başlıqlı raketlərini çıxarması qarşılığında Kuba rejimini devirməyəcəyi vədini verdi:

“Ancaq bu vədlər tarixdə qalıb, SSRİ yoxdur, Kastro da, üstəgəl, Kuba artıq Venesueladan ucuz neft ala bilməyəcək və bu hal kubalıların sosial durumunu daha da ağırlaşdıracaq. Tramp və onun Kuba əsilli dövlət katibi Rubio bu durumdan öz məqsədləri üçün istifadə barədə düşünə bilərlər.

ABŞ xüsusi təyinatlıları Kolumbiyada keçmiş illərdə narkokartellərə qarşı müxtəlif əməliyyatlar həyata keçiriblər. 1990-cı illərin əvvəllərində məşhur kolumbiyalı narkobaron Pablo Eskobara qarşı əməliyyatda amerikalı hərbi mütəxəssislər də iştirak ediblər. Kolumbiyanın hazırki prezidenti solçu və partizan hərəkatının keçmiş üzvü Qustavo Petrodur. O, Venesuela Prezidenti Nikolas Maduronun oğurlanmasına ən sərt reaksiya verən dövlət başçılarındandır. Bu baxımdan Kolumbiyanı ram etmək asan olmayacaq.

Meksikaya gəldikdə, ABŞ-ın bu ölkənin narkokartelləri ilə mübarizə təcrübəsi var, indinin özündə Amerika həbsxalanalarında kifayət qədər meksikalı narkotacir cəza çəkir”.

Politoloqun sözlərinə görə, son hadisələrdən ən çox narahat olan ölkələrin başında Çin gəlir:

“Bunun bir neçə səbəbi var. Birincisi, Pekin Maduro ilə razılaşma əsasında Venesuela neftinin əsas alıcılarından idi. İkincisi, Çin şirkətləri Maduronin xeyri-duasıyla Venesuelanın nadir torpaq elementlərinin çıxarılması layihələrinə cəlb olunmuşdular. Pekində düşünürlər ki, Venesuelaya Amerikanın dəstək verdiyi siyasətçi rəhbər təyin olunarsa, Çin bu Latın Amerikası ölkəsinin zənginliklərindən faydalana bilməyəcək. Halbuki Tramp son çıxışında ABŞ-ın Venesuela neftinə sahib olmasından sonra bu ölkənin Çinə də neft satmaqda davam edə biləcəyini vurğulayıb. Pekin bu vədə çətin ki inansın! Çünki Trampın əsas hədəfi Rusiya deyil, Çindir və Ağ Ev sahibi müxtəlif çıxışlarında bunu gizlətməyib. Pekin Venesuela cəmiyyətinin Vaşinqtonun hökmranlığına müqavimət göstərməsini istəyir. Ancaq hələ ki, Veneseulada Amerikaya etiraz səsləri eşidilmir.

Pekin başqa cəhdlərə də əl atıb. Çin Vaşinqtondan Maduro və onun həyat yoldaşını azad etməsini istəyib və baş verənlərin BMT Təhlükəsizlik Şurasında müzakirəsini də tələb edib. Pekin əlindən gələni edəcək ki, Trampın Venesuela əməliyyatı ABŞ-a siyasi və iqtisadi mənada baha başa gəlsin, bu ölkə Amerika üçün ikinci İraqa və ya Əfqanıstana çevrilsin.

Bu arada, Pekin Tayvan adası ətrafında hərbi gəmilərinin və hərbi təlimlərinin sayını artıracaq. Venesuelada baş verənlərin fonunda Çin hakimiyyəti Tayvanı nəzarətə götürmək planlarını reallaşdırmaq barədə də düşünə bilər. Məntiq sadədir: “ABŞ beynəlxalq hüquqa zidd olaraq Venesuelaya müdaxilə edirsə, Çinin də özünə aid adanı ram etmək hüququ var”. Ancaq məsələ burasındadır ki, Tramp administrasiyası Tayvanı da özününkü sayır və adanı Çinə təhvil vermək kimi planı yoxdur”.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol