ABŞ gücünü göstərdi: öz “kürəsini” təmizləyir

13:10 - 6 Yanvar 2026 - GÜNDƏM

 ABŞ gücünü göstərdi: öz “kürəsini” təmizləyir

Venesuela əməliyyatı özündə ABŞ üçün lokal, kontinental və qlobal hədəfləri əks etdirir. Lakin Maduronun həbsi Vaşinqtonun hədəflərinə nail olması yox, prosesin başlanğıcıdır.

Lokal müstəvidə Maduronun həbsi Vaşinqton üçün iki kontekstdə əhəmiyyətlidir.

Birincisi, Venesuelanın təbii sərvətləri – sübut olunmuş 303,8 milyard barrel neft, 5,6 trilyon kubmetrdən çox təbii qaz ehtiyatı və faydalı qazıntılar üzərində nəzarət: ABŞ Venesuela da daxil olmaqla, Latın Amerikası ölkələrinə əvvəldən “mənfəət coğrafiyası” olaraq baxıb və bu bölgəyə nəzarət uğrunda müxtəlif variantlardan – hərbi müdaxilə, çevrilişlər, iqtisadi asılılıq (Con Perkinsin “İqtisadi qatilin etrafları” kitabı bu coğrafiyadakı mübarizəni anlamaq baxımından əhəmiyyətlidir) - istifadə edib; Tramp postmaduro Venesuelasını nəzarətə götürə bilərsə, Latın Amerikası strategiyasında ciddi uğur qazanmış olacaq;

İkincisi, Trampın “əzələ nümayişi”dir: əməliyyat bütün dünyada Birləşmiş Ştatların gücünü göstərməklə yanaşı, ABŞ daxilində nə qədər mübahisələrə səbəb olsa da (xüsusilə Konqresin məlumatlandırılmaması baxımından), Trampın mövqelərini gücləndirir.

Kontinental müstəvidə Vaşinqton Qərb yarımkürəsi olaraq gördüyü qitəni “kənar təsirlərdən” təmizləmə və nəzarətə götürmək planını tətbiq edir. Tramp hələ prezident səlahiyyətlərinə başlamamışdan öncə Kanada, Panama, Qrenlandiya və Meksika iddiaları ilə bunu gündəmə gətirmişdi, yeni qəbul edilən Milli Təhlükəsizlik Strategiyasında isə hədəflər rəsmiləşdi: Çinin Amerika qitəsindəki təsir imkanları ləğv edilməli, yaxud nəzarətə götürülməlidir.

- Vaşinqton Pekinin Latın Amerikası ölkələri ilə hərbi-iqtisadi əməkdaşlığını, eləcə də Çin şirkətlərinin logistika üzərindəki təsirlərini sıradan çıxarmağa çalışır;

- Yaxud ən azından, Çinin qitədəki ekspedisiyalarında ABŞ-ı əsas hakim kimi qəbul etməsini, ticarət əlaqələrini də məhz onunla qurmasını istəyir.

İstisna deyil ki, Venesuela planı bölgədə “domino effekti” yarada, minimum nəticə kimi, digər ölkələrin Vaşinqtonun istəklərini nəzərə almaq presedentini formalaşdıra bilər.

Kontinental müstəvidə plan Monro doktrinasına “Tramp yanaşması” kimi dəyərləndirilsə də, bu yanaşma ABŞ-ın qlobal hədəflərini də əhatə edir: Amerika qitəsini nəzarətə götürmək və ABŞ-ın “super güc” sisteminə rəqib kimi gördüyü Çinlə mübarizəni Avrasiyada davam etdirmək;

2020-ci ildən aktiv müstəviyə keçən qlobal mübarizədə ABŞ üçün əsas motiv Çinin ikinci qütb kimi güclənməsinə imkan verməmək olub. Ukrayna müharibəsi də geosiyasi müstəvidə buna xidmət edirdi: “Bir kəmər bir yol” layihəsinin logistik imkanlarını dağıtmaq, Çinlə əməkdaşlıq üzərindən ABŞ təsirindən qurtulmaq və güc mərkəzinə çevrilmək istəyən Avropanı cəzalandırmaq; nə qədər qəribə səslənsə də, bu hədəfdə Vaşinqtonla Moskvanın maraqları uzlaşıb;

Tramp hakimiyyətə gəldikdən sonra bu prosesi daha açıq müstəviyə keçdi:

- Orta dəhlizin iki habında – Cənubi Qafqazda (Zəngəzur dəhlizi) və Mərkəzi Asiyada fəaliyyətini aktivləşdirdi;

- Yeni Yaxın Şərq siyasəti (İranın buxovlanması, Türkiyənin regional rolunun qəbul edilməsi), xüsusilə “İbrahim anlaşmaları”nı aktuallaşdırmaqla Pekini bölgədə sıxışdırmağa çalışır;

- Və ən əsası Rusiya ilə Ukrayna məsələsində anlaşaraq, Moskvadan Pekinə qarşı mübarizədə yararlanmaq istəyir.

Bu kontekstdə istisna deyil ki, Venesuela əməliyyatında Rusiya bu və ya digər formada ABŞ-la əməkdaşlıq edib və Latın Amerikasında Pekinin təsirinin azaldılması, Vaşinqtonun güclənməsinə bundan sonra da kömək edə bilər. Əvəzində Rusiya “soyuq müharibə”nin başa çatmasından sonra gözlədiyi “qlobal güc” rolunun qəbul edilməsini istəyir. ABŞ üçün “super güc” rolunu saxlamaqla, güclənən Çinlə müayisədə maraqlarının müəyyən qədər təmin edilməsi ilə nəzarət altına aldığı Rusiya daha məqbuldur, lakin müstəqil yox, Avropa və Çinə qarşı istifadə etdiyi idarəolunan güc kimi.

Venesuela əməliyyatında əks-effekt yaradacaq amillər də diqqət çəkir, xüsusilə Çin və Rusiyanın maraqları fonunda.

- ABŞ-ın öz qitəsinə fokuslanması – qınına çəkilməsi Rusiya və Çinin Avrasiyada aktivləşməsinə imkan yaradır;

- Moskva Vaşinqtonun beynəlxalq hüququn arxa plana keçdiyi müdaxilə presedentindən Ukraynadakı işğal müharibəsini legitimləşdirmək, Pekin Tayvan üzərində nəzarəti ələ almaq imkanı qazanır;

ABŞ-ın bu vəziyyəti məqsədyönlü şəkildə yaratdığını deyə bilərik. Çünki belə bir vəziyyət Avrasiyada önə çıxmaq uğrunda Avropa-Rusiya-Çin toqquşmasına, II Dünya müharibəsindən sonra formalaşmış beynəlxalq hüququn arxa plana keçməsi isə güc tətbiqinə yol açır. Və öz coğrafiyasına kənar müdaxilələri aradan qaldıran ABŞ-a imkan verir ki, Avrasiyadakı mübarizədə oyun quran rolunu üzərinə götürərək, yeni nizamın formalaşmasını öz maraqları çərçivəsində idarə etsin.

Avrasiyanın Birinci və İkinci Dünya müharibələri arasındakı dövrünü xatırladan mövcud vəziyyətdə Vaşinqtonun beynəlxalq hüququ – BMT sistemini sıradan çıxarmaq gedişlərinin konkret hədəflərinə hesablandığı aydın görünür. Və belə görünür ki, Avrasiyada yeni nizamın qurulması – güc bölgüsünün aparılması uğrunda ABŞ-ın idarə edəcəyi toqquşmalar davam edəcək.

Vaşinqton hədəflərinə tam nail ola biləcəkmi? Sual açıq qalır, çünki Çinin nəzərə alınmalı potensialı, Rusiyanın öz oyunu var, Avropa geri çəkilmək istəmir və ən əsası ABŞ-la Böyük Britaniyanın Avrasiya planında toqquşan məqamlar mövcuddur.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol