Paytaxtın Sabunçu rayonu ərazisində silsilə oğurluq hadisələri qeydə alınıb.
DİN-dən BUTA.TV-a verilən məlumata görə, zərərçəkənlər polisə müraciət edərək onlara məxsus mağazalardan pul, mobil telefonlar, digər qiymətli əşyalar, tütün məhsulları, habelə 1 ədəd avtomobilin naməlum şəxslər tərəfindən oğurlandığını bildiriblər.
Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən tədbirlə cinayət əməllərini törədən əvvəllər dəfələrlə məhkum olunmuşlar 39 yaşlı Ramal Cəfərov və qardaşı 38 yaşlı Sakit Cəfərov saxlanılıblar. Həmin şəxslər əvvəlcə rayon ərazisində vətəndaşlardan birinə məxsus VAZ-2107 markalı avtomobili qaçırmaq istəsələr də onların bu cəhdi baş tutmayıb. Cinayət niyyətlərini davam etdirən qardaşlar daha sonra digər bir vətəndaşa məxsus VAZ-2106 markalı avtomobili qaçıraraq ətraf ərazilərdəki mağaza və telefon dükanlarını talayıblar. Onlar maska və əlcəklə kamuflyaj olunaraq bu qanunsuz əməllər nəticəsində ümumi dəyəri 10 min manata yaxın olan nağd pul, lotereya biletləri, tütün məmulatı və müxtəlif markalı 20-dən çox mobil telefon oğurlayıblar.
Bu şəxslər qaçırdıqları avtomobillə Ramana qəsəbəsi ərazisində qəza törətdikdən sonra nəqliyyat vasitəsini hadisə yerində qoyaraq oradan uzaqlaşıblar.
R.Cəfərov və qardaşı S.Cəfərovun talama cinayətləri təhlükəsizlik kameraları vasitəsilə də lentə alınıb.
Saxlanılan şəxslərdən biri R.Cəfərovun Lənkəran şəhərində yerləşən yanacaqdoldurma məntəqəsindən oğurluq etdiyi üçün axtarışda olduğu da müəyyən olunub.
Faktlarla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb.
Saxlanılan şəxslərin analoji cinayətlərdə iştiraklarının olub-olmamasının müəyyən edilməsi istiqamətində araşdırmalar davam etdirilir.
- Azərbaycanda saxta alkoqollu içkilər aşkarlandı
- “Bir tüstü vurdum, həyatım dəyişdi” – 20 yaşlı narkoman qızın DƏHŞƏTLİ etirafları
- Şəbnəm Tovuzlunu “dollar yağışı”na tutan ailə narkotacir imiş - SENSASİON ƏMƏLİYYAT
- Faytonçu Nazim həmin həkimdən 50 min manat alıbmış
- Akopyanın Antalyada xərclədiyi şok etdi: Şampan vannası...
- Konqodan olan tələbələr də Azərbaycana təxliyə olundu
- Türkiyənin bu şəhəri COP-31-ə namizəd oldu
- Məhkəmə Azər Qasımlı ilə bağlı vəsatəti təmin etmədi