Televiziya aparıcısı Vladimir Solovyov Rusiyanın dövlət televiziya kanalı “Rossiya 1”də yayımlanan müəllif proqramında özünəməxsus qərəz və isterik davranışla Azərbaycana qarşı növbəti dəfə hörmətsizlik nümayiş etdirib.
Bu barədə BUTA.TV-a Medianın İnkişafı Agentliyindən (MEDİA) məlumat verilib.
Bildirilib ki, Ermənistanda hüquq-mühafizə orqanları tərəfindən saxlanılan yaxın dostu, erməniəsilli rusiyalı iş adamı Samvel Karapetyanın müdafiəsinə qalxan aparıcı bir neçə dəfə “Artsax” ifadəsini işlətmiş, Ermənistan hakimiyyətini “Artsaxı hədiyyə etməkdə” günahlandırmış, canlı yayımda birbaşa erməni xalqına müraciət edərək onu da gələcəkdə “Artsaxın taleyi gözlədiyini” demişdir.
Real tarixi faktları təhrif edən, yaxın keçmişdə baş vermiş proseslərə qərəzlə yanaşan Vladimir Solovyov hər zaman Azərbaycana kin və nifrət bəsləmiş, bu münasibət onun çıxışlarında açıq şəkildə özünü büruzə vermişdir. V.Solovyovun Ermənistan-Azərbaycan münaqişəsi, 44 günlük Vətən müharibəsi, Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tam bərpa etməsi ilə bağlı müxtəlif vaxtlarda etdiyi çıxışlar həmişə qeyri-obyektiv olmuş, ziddiyyətli mahiyyət daşımış və Azərbaycanda adekvat reaksiyalara səbəb olmuşdur.
Rusiyanın dövlət televiziya kanalının efirində belə destruktiv iddiaların yer alması narahatlıq doğurur, xalqımıza qarşı qəbuledilməz hesab edilir, ölkələrimiz arasında dostluq münasibətlərinin ruhuna və məsələ ilə əlaqədar Rusiyanın rəsmi mövqeyinə tamamilə ziddir.
Jurnalist etikası və əxlaqi dəyərlərlə bir araya sığmayan bu nifrət nitqini yolverilməz hesab edir, qəti şəkildə pisləyir və qarşı tərəfin üzrxahlıq etməsini gözləyirik.
- Bakı ilə Ankaranın müqavimət gücünü artırması... - Gülər
- Gülər Azərbaycan Kəşfiyyat Xidmətinin rəisi ilə görüşdü
- "Müdafiə haqqında” qanuna dəyişiklik təklif edilir
- Bakının axtardığı milyarderi Ermənistan saxladı – Samvel kimdir?
- Azərbaycanda "ərazi müdafiəsi" anlayışına yenidən baxılır?
- Solovyovun iddialarına Bakıdan sərt cavab
- Bayramovla Lavrov danışdı:İsrail-İran qarşıdurması...
- İlham Əliyev sabah Türkiyəyə gedəcək