İran 12 günlük savaşdan necə çıxdı və nələr edəcək?

11:30 - 25 İyun 2025 - GÜNDƏM

 İran 12 günlük savaşdan necə çıxdı və nələr edəcək?

İsrail və İran arasında baş vermiş hərbi toqquşmaların əsas geosiyasi nəticəsi beynəlxalq hüququn — bizim indiyədək qəbul etdiyimiz şəkildə — artıq faktiki olaraq mövcud olmadığını göstərdi. XXI əsrdə belə güclünün hüququ üstünlük təşkil edir və həm uydurma, həm də real bəhanələrlə suveren bir dövlətə qarşı hərbi təcavüz mümkündür. Bu mənzərəni İsrailin İrana ilk zərbə endirməsi ilə aydın şəkildə gördük.

Bu fikirləri BUTA.TV-a hərbi analitik, “Milli Müdafiə” jurnalının baş redaktoru İqor Korotçenko 12 günlük İsrail–İran münaqişəsinin nəticələrini şərh edərkən bildirib.

Onun sözlərinə görə, əgər əldə olunmuş atəşkəs tam şəkildə qorunsa, bu, dünyanı daha təhlükəli ssenaridən xilas edə bilər:

“Çünki İsrailin məqsədlərinə uyğun olaraq Qərb koalisiyasının İrana qarşı endirdiyi zərbələr bu ölkənin hərbi gücünü zəiflətmiş oldu. Bu isə İrana Hörmüz boğazını bağlamaq imkanı verə bilər ki, bu da öz növbəsində dünyanı proqnozlaşdırıla bilən qlobal siyasi və iqtisadi böhrana sürükləyər. Bu ssenari həmçinin İranda 1979-cu ildən bəri hakimiyyətdə olan rejimin devrilməsi cəhdləri ilə də müşayiət oluna, nəticədə region xaosa, yüz minlərlə qaçqının yaranmasına və Yaxın Şərqdə radikal qrupların terror fəaliyyətinin artımasına səbəb ola bilər. Buna görə də hazırda formalaşmaqda olan, ümid bəslədiyimiz bu kövrək razılaşmaların uzunmüddətli sülh mərhələsinə çevrilməsi olduqca vacibdir. Yalnız bu halda İsrailin və ABŞ-ın İrana zərbəsinə səbəb olan problemlərin gələcəkdə diplomatik yollarla həlli mümkün olar”.

Korotçenko bildirib ki, vəziyyətə obyektiv yanaşdıqda, İranın nüvə proqramına bərpaolunmaz zərbə vurulduğu ilə bağlı bəyanatların əksəriyyəti ehtimal ki, siyasi blef xarakteri daşıyır:

“Aydındır ki, İran zənginləşdirilmiş uran ehtiyatlarının bir hissəsini təhlükəsiz ərazilərə köçürüb. Belə olan halda İran MAQATE-nin vasitəçilik səylərindən tamamilə imtina edərək, müəyyən şərtlər daxilində nüvə proqramını yenidən bərpa edə bilər”.

Ekspertin fikrincə, bu münaqişənin ikinci əsas nəticəsi İranın artıq heç bir beynəlxalq zəmanətə inanmayacağı və yalnız hərbi gücə arxalanacağıdır. Bu isə yaxın gələcəkdə İranın ballistik raket istehsalını genişləndirməsi deməkdir:

“İran bundan sonra beynəlxalq gündəmlə bağlı bütün məsələlərdə daha sərt mövqe nümayiş etdirəcək. Hava hücumundan müdafiə sistemlərindəki itkilərini bərpa etdikdən sonra isə ordusunu daha sürətli və güclü şəkildə silahlandıracaq. Bu, həm də müharibənin ilk günlərində İsrailin MOSSAD agentləri tərəfindən SEPAH rəhbər heyətinə, tanınmış nüvə alimlərinə, Müdafiə Nazirliyi və Silahlı Qüvvələrin Baş Qərargahında çalışan yüksək rütbəli zabitlərə qarşı həyata keçirilmiş hücumlara cavab, yəni bir növ revanş strategiyasının başlanğıcı olacaq”.

Korotçenko sonda xəbərdarlıq edib ki, əgər sülh üçün verilmiş bu fasilə uzunmüddətli və davamlı bir razılaşmaya çevrilməzsə, yaxın gələcəkdə daha genişmiqyaslı və dağıdıcı bir toqquşma baş verə bilər:

“Hazırkı münaqişədən daha dağıdıcı nəticələrə səbəb ola biləcək yeni qarşıdurma yalnız region üçün deyil, bütün dünya üçün ciddi təhlükə yaradacaq”.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol