Azərbaycanlı jurnalist ruslara şans verdi - Görün, nə yazırlar...

10:58 - 30 İyun 2025 - GÜNDƏM

 Azərbaycanlı jurnalist ruslara şans verdi - Görün, nə yazırlar...

Uzun illərdir Azərbaycandan gedən və xaricdə “siyasi mühacir” statusu ilə yaşayan, Azərbaycana qarşı heç də xoş olmayan mövqe tutan jurnalist Əfqan Muxtarlının sosial şəbəkədə yazdığı status Rusiya mediasında geninə-boluna istifadə edilir.

BUTA.TV xəbər verir ki, Yekaterinqburqda baş verən olaya öz aləmində “münasibət bildirən” Ə.Muxtarlı “5 soydaşımız qətlə yetirilib, ancaq Rusiya səfirliyi hələ yandırılmayıb. Özünə hörmət qoyan xalqlar o səfirlikdə daşı-daş üstə qoymazdılar” kimi təxribatçı, təhrikçi və bütün insani, etik və əlbəttə ki, beynəlxalq hüquqi yanaşmalara zidd bir status paylaşıb.

Maraqlıdır ki, “Lenta.ru” bu statusu dərhal “görüb” və tirajlayıb, erməni mediası isə rus mediasına istinadla “fürsəti” fövtə verməyib.

Azərbaycanda insan haqlarının pozulmasına etiraz olaraq ölkədən gedən və Avropada da məhz bu iddia ilə sığınacaq alan bir jurnalist – Əfqan Muxtarlı hansı beynəlxalq dəyərlərə görə bu iddianı irəli sürür ki, “özünə hörmət edən xalq” səfirliyə hücum edərdi? Avropada harda belə bir halla rastlaşıb?

Səfirliyə “məşhur hücum” yalnız 1979-cu ildə İranda olub, hər halda, Əfqan Muxtarlının Avropaya baş alıb getməsindən belə görünür ki, İran xalqını heç də “sivil xalq” saymır – yoxsa, başını götürüb gedəndə İrana üz tutardı.

Digər tərəfdən, ölən 5 nəfər deyil, iki nəfərdir, üstəlik, Azərbaycan vətəndaşları deyillər, Rusiya vətəndaşlarıdır. Buna baxmayaraq, Azərbaycan dövləti də, ictimaiyyəti də bu məsələlərdə həssaslığını nümayiş etdirir və soydaşlarına qarşı bu zorakılığa, qətlə, basqına qarşı əlindən gələni edir.

Əfqan Muxtarlının dediyi kimi, əgər səfirliyə hücum olarsa nə baş verər? SSRİ-ni bərpa etmək üçün bütün hərbi imkanlarını ortaya qoyub, slavyan qardaşlarını ət maşınından keçirən Rusiya kimi hüquqtanımaz bir ölkəyə hərbi zərbə endirmək fürsəti və hüququ vermək kimi bir ideyanı irəli sürməkdə Ə.Muxtarlının marağı nədir? Elə Rusiya bunun arzusunda deyilmi? Azərbaycanlıları vəhşi, hüquqdankənar, kriminal xalq kimi təqdim etməkdən ötrü “səfirliyə hücum”u göydəndüşmə fürsət bilməzmi?

Bir daha: bu statusu Rusiyanın aparıcı media qurumlarından biri necə dərhal görür və tirajlayır? Siz kimlərə işləyirsiniz, hörmətli mühacir həmkarlar?


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol