Oyun qaydaları dəyişdi: Ukrayna ərazilərini geri alacaq

07:02 - 16 İyul 2025 - GÜNDƏM

 Oyun qaydaları dəyişdi: Ukrayna ərazilərini geri alacaq

ABŞ-ın Ukraynaya “Patriot” hava hücumundan müdafiə sistemləri verməsi yalnız siyasi yox, həm də hərbi-strateji baxımdan mühüm addımdır. Bu sistemlərin yaxın vaxtlarda döyüş bölgəsinə gətirilməsi Rusiya üçün oyun qaydalarını dəyişə bilər.

Bu fikirləri BUTA.TV-a açıqlamasında hərbi ekspert Üzeyir Cəfərov bildirib.

Üzeyir Cəfərovun fikrincə, mövcud resurslar və siyasi iradə nəzərə alınarsa, bu sistemlərin 2025-ci il ərzində Ukraynaya çatdırılması real görünür:

“ABŞ-ın hərbi-sənaye kompleksi bu prosesdən iqtisadi fayda götürür. Ona görə də sistemlərin istehsalı və çatdırılması planlı şəkildə həyata keçirilir. “Patriot” sistemləri 100%-lik effektivliyə malik olmasa da, ballistik raketlərə və hava-hava raketlərinə qarşı yüksək uğur faizi göstərir. Bu da Rusiyanın hərbi zərbələrinin nəticələrini əhəmiyyətli dərəcədə zəiflədəcək.

“Patriot” sistemlərinin Ukraynaya gətirilməsi təkcə texniki deyil, həm də psixoloji üstünlük yaradacaq. Rusiya daha çox vəsait xərcləməyə məcbur qalacaq. Əvvəllər Ukraynada bu sistemlərin olmaması Rusiyaya imkan verirdi ki, enerji obyektlərini və digər mühüm infrastrukturu sıradan çıxarsın. Amma indi vəziyyət dəyişir. Bu 17 sistemin yerləşdirilməsi Ukraynanın müdafiə gücünü keyfiyyətcə artıracaq. Döyüş meydanında real təsir göstərəcək”.

Ekspertə görə, Rusiyanın müəyyən cəbhələrdə qismən uğur əldə etməsinə baxmayaraq, bu nəticələr davamlı deyil:

“Rusiya əvvəllər də bəzi əraziləri ələ keçirmişdi, amma sonradan oraları tərk etməyə məcbur oldu. İndi də oxşar ssenari yaşanacaq. ABŞ və Avropa Birliyinin Ukraynaya verəcəyi hərbi dəstək yay kampaniyasında ciddi üstünlük yaradacaq”.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol