Fransaya casusluq ittihamı ilə həbs olunan Martin Rayan və dövlətə xəyanətdə təqsirləndirilən Azad Məmmədlinin barəsində Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) aparılan cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.
BUTA.TV Teleqraf-a istinadla xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində açıq iclasa yerli və xarici media nümayəndələri, xarici səfirliklərin əməkdaşları da qatılıblar.
Hakim Elmin Rüstəmovun sədrlik etdiyi prosesdə təqsirləndirilən Martin Rayan bəzi dəqiqləşdirmələrə zərurət olduğunu deyib. O bildirib ki, bu dəqiqləşmə digər təqsirləndirilən Azad Məmmədli ilə, həmçinin tərcümə ilə bağlıdır: "Burada məxfi əməkdaşlıqdan, məxfi görüşlərdən danışılır.
Fransa dilində məxfi sözü gizli kimi qəbul edilir. Bizim Frederik Devos, Loran Qrard, Loran Lödi və digər Fransa səfirliyinin əməkdaşları ilə gizli görüşlərimiz olub. O, cümlədən Azad Məmmədli də iştirak edib".
Hakim isə Martin Ryanın diqqətinə çatdırıb ki, məhkəmənin hazırkı mərhələsində onun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilir, ona münasibət bildirməyə şərait yaradılacaq.
Daha sonra proses təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdiyi ifadələrinin elanı ilə davam edib.
Qeyd edək ki, ötən məhkəmə iclasında onun 42 səhifədən ibarət ifadəsinin 18 səhifəsi elan olunmuşdu. Bugünkü iclasda həmin ifadənin qalan hissəsi elan edilib.
Martin Rayanın DTX-də verdiyi ifadədən məlum olub ki, Frederik Devos Azad Məmmədli və digər şəxslərlə görüşüb. Onların görüşləri zamanı həmin dövrdə Azərbaycan-Ermınistan arasında olan münaqişə, pakistanlı muzdlu döyüşçülərin olması barədə söhbətlər aparıblar.
Təqsirləndirilən şəxsin ifadəsinə görə, Frederik Devos Azad Məmmədli ilə görüşləri zamanı Moskva Dövlət Beynəlxalq Münasibətlər Universitetində təhsil alan şəxslər və tələbə yoldaşları barədə məlumat istəyib: "Azad Məmmədli də təhsil aldığı universitetin tələbələri, tələbə yoldaşları barədə məlumatları Frederik Devosa verib. Onlarla bağlı geniş məlumatları izah edib. Daha sonra Azad Məmmədli Devosa azərbaycanlı tanışı A.Ş. barədə məlumat verib. Onun haqqında olan geniş məlumatları təqdim edib".
Daha sonra təqsirləndirilən şəxsin mobil telefonunda aşkar olunan fotoşəkillərlə bağlı izahat verdiyi ifadəsi elan olunub. Həmin ifadələrdən məlum olur ki, Bakıda restoranlardan birində görüşləri zamanı həmin dövrdə Azərbaycana yeni gəlmiş Loran Lödi və Leron Qrard, onların ailə üzvləri və digər şəxslərlə görüşləri barədə izahat verib. Onun ifadəsinə görə, həmin görüşdə Azad Məmmədli də iştirak edib.
Daha sonra Fransa vətəndaşı ifadəsində göstərib ki, Frederik Devos Azərbaycana gələndən sonra Azad Məmmədli ilə görüşüb, onunla sıx əlaqəsi olub. O, Azad Məmmədlidən Moskva Dövlət Beynəlxalq Münasibətlər Universitetində təhsil alan şəxslər barədə maraqlanıb.
Təqsirləndirilən şəxs ifadəsində göstərib ki, yaradılmış Bakı Frankofoniya Assosiasiyası Fransanın Azərbaycandakı səfirliyinə tabe olub: "Bu quruma Loran Qrardın həyat yoldaşı Aleksandra rəhbərlik edib. Həmin assosiasiyaya azərbaycanlılardan ibarət üzvlər qəbul ediblər. Bundan sonra fransız iş adamı Serj Banvel də bu quruma üzv olub. Bu qurumun altında əyləncəli tədbirlər təşkil ediblər. Lakin bu tədbirlər əyləncəli xarakter olmayıb. Orada bəzi şəxslərə yaxınlaşaraq onlarla məxfi danışıqlar aparıblar. Bu danışıqları aparanlar isə Fransa xüsusi xidmət orqanlarının əməkdaşları olublar".
Təqsirləndirilən şəxs qeyd edib ki, Loran Lödi onunla Votsap proqramı vasitəsi ilə əlaqə saxlayıb, heç vaxt açıq nömrədən zəng etməməsini tapşırıb: "Loran Lödi Azərbaycan-Ermənistan barədə suallar verib. Loren Lödi haşiyədən kənara çıxaraq Əlcəzairdə Fransanın səfirliyinin təhlükəsizlik xidmətinin əməkdaşı olduğu zaman bu ölkənin vəzifəli şəxsləri ilə əlaqələrindən, onların qapalı geyimdə səfirliyə gəlmələrindən, səfirliyə daxil olandan sonra geyimlərini dəyişmələrindən, sonra görüşlər keçirmələrindən danışıb".
Təqsirləndirilən şəxs bildirib ki, bir azərbaycanlı jurnalist ona müraciət edib və suallar ünvanlayıb: "Həmin müsahibə Ermənistanın müdafiə nazirinin Fransaya səfəri vaxtına təsadüf edib. Mən də həmin səfərlə bağlı videomüsahibə verdim. Bu müsahibə yayımlanandan sonra Fransa səfirliyinin qarşısında Loran Lödi ilə rastlaşdım. O, həmin müsahibəni təzyiq altında verib-vermədiyimi soruşdu. Mən də ona müsahibəni özüm verdiyimi dedim".
Daha sonra prosesdə Martin Rayanın Azad Məmmədli, həmçinin Fransa səfirliyinin adı altında həmin ölkənin xüsusi xidmət orqanlarının əməkdaşları ilə aralarında olan telefon danışıqları elan edilib.
Həmin danışıqlardan biri Martin Rayanın Azad Məmmədli ilə aralarında Zəngəzur dəhlizi ilə bağlı söhbətləri olub. Həmin söhbətlərdən məlum olur ki, Zəngəzur dəhlizi açılandan sonra hansı ölkənin ora nəzarət etməsi ilə bağlı söhbət ediblər. Həmin söhbətlərdən məlum olur ki, Azad Məmmədli həmin dəhlizə Rusiya Federasiyasının FSB-sinin yox, Fransanın silahlı qüvvələrinin nəzarət etməsini istədiyini deyib.
Martin Rayan ilə Azad Məmmədli arasında İran-Azərbaycan, həmçinin Azərbaycan-Rusiya münasibətiləri ilə bağlı söhbətləri də elan edilib.
Hakim Martin Rayanın ibtidai istintaq zamanı verdiyi ifadəsinin elanının yekunlaşdığını deyib. Hakim bildirib ki, həmin ifadələrlə bağlı müzakirə növbəti iclasda aparılacaq.
Növbəti proses sentyabrın 8-də davam edəcək.
İttiham aktına görə, Martin Rayanın Azərbaycan Respublikasında istehsal edilən silah-sursatlar, 2020-ci il 44 günlük Vətən müharibəsi zamanı Azərbaycan Ordusunun komplektləşdirilməsi, Azərbaycan Silahlı Qüvvələrində hərbi xidmətdə olan və ya ehtiyata buraxılmış əlaqəyə cəlb edilməsi mümkün olan şəxslər, xaricdə fransız dilində təhsil almış şəxslər, Azərbaycanda fəaliyyət göstərən xarici ölkə vətəndaşları və hüquqi şəxslər, Fransa xüsusi xidmət orqanının tapşırığı ilə Azərbaycan üzərindən digər ölkələrə gizli pul köçürülməsinin təşkili imkanları, Böyük Britaniya, Əlcəzair, Türkiyə, Pakistan, İran, Çin, Somali, Mərkəzi Asiya dövlətləri və digər dövlətlərlə Azərbaycan arasında münasibət və əlaqələr, hərbi əməkdaşlıq planları, Azərbaycana idxal olunan silah-sursat barədə məlumatların əldə edilməsinə dair tapşırıqlar almasına və bu istiqamətlərdə fəaliyyətinə əsaslı şübhələr müəyyən edilib.
Qeyd edək ki, təqsirləndirilən şəxslər DTX tərəfindən 2023-cü il dekabrın 4-də həbs olunublar. "Merkorama" MMC-nin baş direktoru olan Martin Rayana qarşı casusluq ittihamı irəli sürülüb.İttihama görə Martin Rayan onu məxfi əməkdaşlığa cəlb edən, sonradan Bakıdan “persona non-grata” elan edilərək qovulmuş Fransanın DGSE (Xarici Təhlükəsizlik Baş İdarəsi) əməkdaşları tərəfindən agent-casus kimi istifadə edilib.
- Bu nazirlikdə mühüm təyinatlar oldu
- Razılıq var, Zəngəzur bu cür açılır, ABŞ ordu göndərir
- Rusiya ilə gərginliyin idxal-ixraca və pul köçürmələrinə təsiri...
- III Beynəlxalq Şuşa Forumunun Xankəndidə keçirilməsi...
- Gərginlik kritik həddə: Moskvanın regionla bağlı planı üzə çıxdı
- Fransız casus məhkəmədə şok etiraflar etdi
- Trampın Əliyevin çıxışını paylaşması hansı anlama gəlir?
- Suriya üzrə danışıqlar yenə Bakıda keçiriləcək