Rusiya atəşkəsə yenə razılaşmayıb. Kreml liderlər arasındakı görüşün keçirilməsinin də əleyhinədir. Rusiya və Ukrayna nümayəndələri İstanbulda sadəcə əsirlərin dəyişdirilməsinə razılaşıblar.
BUTA.TV xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu Rusiya və Ukrayna nümayəndə heyətinin İstanbulda bu gün ikinci görüşü haqda bildirib.
“İki İstanbul görüşü hələ ki, əsirlərin dəyişdirilməsiylə yadda qalıb. Böyük ehtimalla iyun ayının sonunda keçirilməsi planlaşdırılan növbəti görüş də İstanbulda keçiriləcək. Bunun özü Türkiyənin bölgədə və dünyada artan rolundan xəbər verir. Ankaranın müharibə aparan Moskva və Kiyevlə dialoq imkanları mövcuddur. Bu da Türkiyənin vasitəçi rolunu artırıb.
Bəs Kreml 30 günlük atəşkəsə niyə razılaşmır? Bunun bir neçə səbəbi var:
Birincisi, 30 günlük atəşkəsdən sonra yenidən müharibəyə başlamaq Rusiya üçün çətin olacaq. Digərləri kimi Rusiya cəmiyyəti də dördüncü ilinə keçən müharibədən yorulub, ancaq buna açıq etiraz edə bilmir. Ancaq əgər 30 günlük atəşkəsdən sonra Kreml yenidən müharibəyə başlayarsa, bu, Rusiya cəmiyyətində narazılığı açıq müstəviyə keçirə bilər. Kreml sahibi bu baş verməsin deyə, müharibədə fasilə vermək istəmir.
İkincisi, 30 günlük atəşkəs təklifi qəbul olunarsa, bu müddətin daha da uzanması ehtimalı yaranacaq. Kreml isə saxta referendumla Ukraynanın 4 bölgəsini Rusiyaya birləşdirib, ancaq işğalçı ordu hələ həmin bölgələrin administrativ sərhədlərinə çıxa bilməyib. Atəşkəs olarsa, Rusiyanın həmin bölgələrin tamamını işğalı mümkün olmayacaq. Yəqin Rusiya Prezidenti Vladimir Putin düşünür ki, nə qədər ki, müharibədə fasilə yaranmayıb, döyüşlər vasitəsilə bölgənin sərhədlərinə çıxmaq lazımdır. Halbuki Kreml sahibini ətrafının yarıtmaz fəaliyyəti daha çox düşündürməlidir. Ukrayna kəşfiyyatının müharibədən uzaq ərazidə bombardmançı təyyarələri məhv etməsi Rusiyada idarəetmə sisteminin səhlənkarlığından xəbər verir. Putin Ukraynanın yarısını işğal etməyi düşünərkən, müharibə onun evinin içərisinə qədər alovlanıb. Kreml sahibini bu, daha çox düşündürməlidir. Müharibə davam etdikcə, Ukrayna kəşfiyyatı Rusiya ərazisində başqa əməliyyatlar da həyata keçirəcək”, - politoloq vurğulayıb.
- "İdrak"da olay: silahın sahibi də cinayət təqibinə cəlb olundu
- Azərbaycanda 147 milyonluq narkotik məhv edildi
- Növbəti 5 gün yağış yağacaq – Xəbərdarlıq
- FHN 216 şəxsi heyətlə təlim keçirdi - Video
- "Arzum" ləqəbli tiktokerin heç bir vəsatəti təmin edilmədi
- İmtahana gedən tələbə quyuya düşüb xəstəxanalıq olub - Anası şirkətdən şikayətçidir
- Bakıda bu dayanacaqlar söküləcək - 420 min manat ayrıldı
- Bakıda evdən 70 minlik qızıl oğurlandı - Foto