ABŞ, Kanada və Meksikanın birgə ev sahibliyi etdiyi 2026-cı il Dünya Çempionatı bu gün start götürür.
“BUTA.TV” xəbər verir ki, tarixdə ilk dəfə 48 komandanın iştirak etdiyi mundial futbolsevərlərə 104 qarşılaşmadan ibarət möhtəşəm turnir vəd edir.
Açılış oyunu Meksika ilə Cənubi Afrika arasında keçiriləcək. Mexiko şəhərində keçiriləcək qarşılaşma Bakı vaxtı ilə 23:00-da başlayacaq.
Turnir iyulun 19-da “MetLife” stadionunda oynanılacaq final matçı ilə başa çatacaq.
DÇ-də komandalar 12 qrupa bölünüb. Hər qrupdan ilk iki yeri tutan komandalarla yanaşı, üçüncü yeri tutan ən yaxşı səkkiz yığma da pley-off mərhələsinə yüksələcək.
Turnirdə son dünya çempionu Lionel Messi ardıcıl ikinci titulunu qazanmağa çalışacaq. Kriştianu Ronaldo üçün isə bu mundialın karyerasındakı son DÇ olması gözlənilir.
Turnirdə Beynəlxalq Futbol Assosiasiyası Şurası tərəfindən qəbul edilən yeni qaydalar da qüvvəyə minəcək.
Yeniliklərə əsasən, qapı zərbələri və aut atışlarında vaxt limiti tətbiq ediləcək, əvəzlənmələr daha sürətli həyata keçirilməlidir, VAR sisteminin səlahiyyətləri genişləndiriləcək, hakim qərarlarına etiraz və qeyri-idman davranışlarına görə daha sərt cəzalar tətbiq oluna biləcək. Turnir ərəfəsində bəzi iştirakçı ölkələrin nümayəndə heyətlərinin viza problemləri ilə üzləşməsi müzakirələrə səbəb olub. Xüsusilə İran millisinin bəzi üzvlərinə viza verilməməsi səbəbindən komandanın hazırlıq düşərgəsini Meksikaya köçürdüyü bildirilir.
Bütün bunlara baxmayaraq, futbol dünyasının ən böyük tədbiri milyonlarla azarkeşin diqqət mərkəzində olacaq və dünya futbolunun nəbzi Şimali Amerikada döyünəcək.
Qeyd edək ki, mundialda oyunların əksəriyyəti Bakı vaxtilə sübh çağı və səhər saatlarında başlayacaq. Buna görə də 1 ay yarım ərzində futbolsevərlər səhər saatlarında oyanıb oyunları izləyəcək.
- Keçmiş arvadına "sənə sürpriz edəcəyəm" dedi, evini yandırdı
- Aeroport şosesində dəhşətli qəza - Anbaan video
- Ermənistanda zəlzələ oldu, Naxçıvanda hiss edildi
- Bakı-Qəbələ-Bakı qatarı bu stansiyada dayanacaq
- Beren Saatla Kenan Doğulu saxlanıldı
- Bakıda tezliklə dəyişkən iş qrafikinə keçilə bilər
- Bakıda "Qazel"lə motosiklet toqquşdu: ölən var
- Zakir Həsənov Pakistana başsağlığı verdi