İranda müharibə nə qədər davam edəcək?

14:32 - 23 İyun 2025 - GÜNDƏM

 İranda müharibə nə qədər davam edəcək?

ABŞ hücumu İranın nüvə obyektlərini tamamilə sıradan çıxarmasa da (məlumatlar mübahisəlidir), müharibənin gedişini dəyişdirdi və hər şeydən öncə diplomatik masaya qayıtmağın yollarını böyük ölçüdə bağladı:

- İran bombalar altında masaya qayıtmağın təslim olduğunu anlayır və dirənişi ilə mövcud vəziyyətdə ən azı məqsədəuyğun şərtlər – nüvə proqramının dinc şəraitdə saxlanılması, raket proqramını müzakirədən çıxarması və s. – formalaşdırmağa çalışır: rəsmi Tehranın ritorikası da təslimçilikdən uzaqdır;

- ABŞ hücumlardan sonra növbəti mərhələyə - İranda rejim dəyişikliyinə keçiddən bəhs edir; Tramp MIGA - “Make Iran Great Again” – “İranı yenidən qüdrətli edək” – planını elan etdi.

Mümkündür ki, ABŞ prezidenti “rejim dəyişikliyi” siqnalına İran hakimiyyətini təslim olması – nüvə proqramı və raketlərdən imtinaya razı salmağa sövq etməsi variantı kimi də baxır və arxa fonda diplomatiyanı davam etdirir. Lakin diplomatik danışıqların perspektivinə ciddi təsir edən həlledici bir məqam var: tərəflərdən birinin – İran, yaxud ABŞ-İsrail cəbhəsi - geri çəkilməsi məğlubiyyət deməkdir və bu, müharibənin iki tərəfdən birinin “güzəştə” getməsinə qədər davam etməsi risklərini ön plana çıxarır.

İranın müqavimət resursları hələ tükənməyib. Daha öncə də yazmışdıq: Hörmüz boğazının bağlanması, ABŞ-ın regiondakı hərbi bazalarının və mövqelərinin hədəfə alınması, hətta Xameneinin “cihad” elan etməsinə qədər praktiki addımları qalır. Bu addımların effektiv nəticəsi sual altında olsa belə, teokratik rejim sona qədər bütün kartlarını oynaya bilər. İran parlamentinin Hörmüz boğazının bağlanması qərarı da ABŞ-ın hücumu fonunda “strateji çəkindirmə” gedişi olsa da, bunun mümkünlüyünü nümayiş etdirdi.

Müharibə fonunda baş verən proseslər İran rejiminin dirəniş göstərməsini şərtləndirən digər amilləri də ön plana çıxarır:

Birincisi, ABŞ-İsrail hücumlarının İrana qarşı beynəlxalq koalisiyaya çevrilməməsidir.

Avropa ölkələri İrana hücumlara ritorik dəstək versə də, paralel şəkildə danışıqlar masasının qurulması istiqamətində də işləyirlər. Böyük Britaniya, Fransa, Almaniya və AB-nin Cenevrədə İranla keçirdiyi danışıqlar nəticəsiz olsa belə, Tehran üçün alternativlərin tükənmədiyini göstərdi.

İkincisi, region ölkələrinin müharibəyə qoşulmamasıdır.

Bu, təkcə ABŞ-İsrail cəbhəsinin genişlənməməsi yox, həm də müharibənin İran sərhədlərinə birbaşa təhlükə yaratmaması baxımından əhəmiyyətlidir.

Üçüncüsü, İranın “müttəfiq”lərinin arxa fonda mümkün dəstəyidir.

Çin müharibəyə praktiki olaraq qoşulmasa da, İranın ABŞ üçün bataqlığa-uzunmüddətli problemə çevrilməsinə nail olmaq üçün Tehranı dəstəkləyə bilər. Rusiya da Ukrayna planına görə İranda müharibənin davam etməsini şərtləndirən rejimin müqavimətində maraqlı ola bilər. Hər iki ölkənin bunu ABŞ-la birbaşa üz-üzə gəlmədən necə edəcəyi sual altında olsa da, bu, İran rejimini müqavimətə sövq edən amillər arasındadır.

Dördüncüsü, İran rejimi üçün daxildə təhlükə potensialının ABŞ və İsrailin istədiyi səviyyədə olmamasıdır, hər halda bu, görünmür.

Rejimin əleyhdarları kifayət qədər olsa da, müharibə şəraitində küçələrə çıxması sual altındadır. Rejimin dəyişməsini istəyən qruplar bunun kənar müdaxilə - hərbi-siyasi rəhbərliyin sıradan çıxması, hakimiyyətin təslim olması ilə baş verməsini gözləyir, çünki küçələrə çıxmaq onları birbaşa hədəfə çevirə bilər. İran rejimi isə müharibədə daxili problemləri arxa plana keçirərək, ictimai rəyi öz ətrafında birləşdirmək istiqamətində ciddi təbliğat aparır, xüsusilə dini hisslərin istismarı fonunda.

Bunun qarşısında ABŞ hansı addımları ata bilər?

- Trampın MİGA planının perspektivi dumanlıdır: daxili qrupların hərəkətə gətirilməsi Suriya ssenarisi risklərini yaradır, çünki rejim Əsəd kimi təslim olmayacaq və nəticədə silahlı mübarizə başlaya bilər;

- İrana qarşı beynəlxalq koalisiyanın yaradılması imkanı nəzərdən keçirilə bilər, hərçənd, bu geosiyasi müstəvidə maraq toqquşmasına və müharibənin regional müstəviyə yayılmasına zəmin yarada bilər.

Tramp Administrasiyasının yaxın perspektivdə planı zərbələrin davam etdirilməsi ilə İranı təslim olmağa məcbur etmək görünür. Xamenei rejiminin dirənməsi İranda uzunmüddətli – “sürünən müharibə” ssenarisini aktuallaşdırır.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol