İran-İsrail müharibəsində Trampın təkidi ilə əldə olunan atəşkəs ətrafında açıq qalan məqamlar çoxdur:
- Atəşkəs hansı şərtlərlə qəbul olunub, danışıqlar üçün şəraitin yaradılması, yoxsa uzunmüddətli məqsəd daşıyır? - Müəmmalıdır.
- ABŞ və İsrail İranda hədəflərinə nə qədər nail oldular? – Mübahisəlidir.
- İranın nüvə proqramı ilə bağlı danışıqlar olacaqmı, bu, hansı şərtlərlə aparıla bilər? - Qeyri-müəyyəndir.
Atəşkəsin Trampın istəyi ilə məcburi şəkildə olduğu görünsə də, bunu İran üçün “böyük yaxşılıq” kimi qiymətləndirmək olar, ağır məğlubiyyətə rəğmən rejim özünü qoruya bildi, hətta ABŞ-a qarşı müharibə macərasında dirənə biləcəyini nümayiş etdirməklə “qələbə” təbliğatı üçün ciddi əsaslar da qazandı. İsrail yekun hədəflərinə nail olmasa da, İranın nüvə və hərbi potensialını uzun perspektivdə zəiflədə bildi, eyni zamanda, ABŞ-ı müharibəyə cəlb etməklə təhlükəsizlik qalxanını gücləndirdi. Tramp İrana hücumla ata biləcəyi addımların və İsrailə dəstəyinin ritorikadan ibarət olmadığını göstərdi. Və müharibənin arealı genişlənmədən atəşkəslə qısa müddətdə uğurlu nəticə əldə etdiyini sərgilədi.
İranda əsas hədəfə - nüvə potensialının tam məhv edilməsinə nail olunduğu isə müəmma olaraq qalır. Tramp və Netanyahu İranın “artıq nüvə dövləti” olmadığını, bu potensialın tamamilə məhv edildiyini deyir, rəsmi Tehran əksini. Beynəlxalq mediada yayılan informasiyaların müqayisəsi, eləcə də MAQATE-nin açıqlamaları və iranlı rəsmilərin “nüvə proqramından imtina etmədiklərinə dair” dedikləri “nüvə potensialının” tam sıradan çıxarılmadığı fikrini gücləndirir. Və Tehranın nüvə proqramı ilə bağlı iki reallıq da önə çıxır.
a) nüvə potensialı ciddi zərbə aldı;
- Nüvə mütəxəssisləri sıradan çıxdı, obyektləri böyük zərər gördü;
- İrana itkilərini bərpa etmək, yaxud “nüvə silahı”nı əldə etmək üçün ən yaxşı halda “bir neçə il” lazımdır;
- ABŞ və İsrailin müşahidəsi altında olan İranın belə cəhdlərinin perspektivi dumanlı görünür;
b) müharibə nüvə proqramının İran üçün nə qədər vacib olduğunu ortaya çıxardı;
- Nüvə potensialı hələ də qalır: mütəxəssis problemi yaşansa da, texniki imkanları var;
- Hədəf seçilən nüvə obyektlərindən zənginləşdirilmiş uranın ən az bir qisminin çıxarıldığı versiyası hələ də gündəmdədir: MAQATE mütəxəssisləri istehsal olunan nüvə materialı və 60 faizə qədər zənginləşdirilmiş uranın yerinin bilinmədiyini deyir;
- Pentaqonun mediaya sızan qiymətləndirməsində ABŞ-ın zərbələrinin “nüvə proqramını” tamamilə məhv etmədiyi, “yalnız bir neçə ay gecikdirdiyi” qeyd olunur (Ağ Ev bu iformasiyanı təkzib etsə də);
- Və ən əsası, bu müharibədə İran rejimi anladı ki, “nüvə silahı” olmadan təhlükəsizliyin təmin edilməsi mümkün deyil, xüsusilə “müttəfiqsiz” qalmaları fonunda: bu reallıq İran xalqı tərəfindən də dəstəklənə bilər.
Nəticə etibarilə, İran rejiminin nüvə proqramından imtina etməyəcəyi və “dinc nüvə” adı altında bu hədəfinə doğru müxtəlif formalarda irəliləyəcəyi aydın görünür. Bunu dayandırmağın müharibə ilə mümkün olmadığı, yaxud şərtlərin yetişməməsi fonunda iki mümkün variant ola bilər:
Birincisi, danışıqların davam etdirilməsi və nüvə proqramının diplomatiya yolu ilə nəzarətə götürülməsidir;
Bu variantın “nüvəsiz İran” planına uğur gətirəcəyi şübhəlidir.
- ABŞ və İsrailin nüvə danışıqlarına qayıtması mübahisəli vəziyyət yaradır, çünki Tramp nüvə potensialının tamamilə məhv edildiyini, Netanyahu “İranın nüvə dövləti olmadığını” deyir. Bu halda masaya əyləşmək özünü təkzib etmək deməkdir.
- Danışıqlar İranın “dinc nüvə” istəklərini də aktuallaşdırır və müharibədə təslim olmayan rejimin masada təslim olması ehtimalı kifayət qədər zəifləyib.
- Hətta masada razılıq əldə edilsə belə, İranın nüvə proqramını tam açacağına, eləcə də hədəfinə çatmaq üçün danışıqlarla zaman qazanmayacağına zəmanət yoxdur;
İkincisi, İranda rejimin dəyişməsidir;
“Nüvəsiz İran” üçün yeganə mümkün variant bu ola bilər. Və istisna deyil ki, müharibə ilə buna nail ola bilməyən (bu taktikanın mümkünsüz olduğu əvvəldən görünürdü) ABŞ və İsrail rejimi dəyişmək üçün fərqli strategiya izləyəcək: daxilidə “qaynar nöqtələrin” tətiklənməsi, sosial-etnik qrupların etiraz potensialının önə çıxarılması və s. Hərçənd, “yan təsirləri”ni proqnozlaşdırmağın çətin olduğu bu planda hədəfə çatmaq daha uzaq perspektivdə mümkün ola bilər. Yaxın perspektivdə konkret nədən ibarət olduğu bilinməyən atəşkəsin şifahi olacağı, tərəflərin qarşılıqlı hücumlar və kəşfiyyat həmlələrini davam etdirəcəyi gözləntisi daha çoxdur.
Bütün bunların fonunda geosiyasi güc balansı uğrunda mübarizənin Rusiya-Ukrayna xəttindən İran-İsrail xəttinə doğru meyillənə biləcəyi də görünür.
- Azərbaycan Ordusunun yaradılmasından 107 il ötür
- Azərbaycanda saxta alkoqollu içkilər aşkarlandı
- “Bir tüstü vurdum, həyatım dəyişdi” – 20 yaşlı narkoman qızın DƏHŞƏTLİ etirafları
- Şəbnəm Tovuzlunu “dollar yağışı”na tutan ailə narkotacir imiş - SENSASİON ƏMƏLİYYAT
- Faytonçu Nazim həmin həkimdən 50 min manat alıbmış
- Akopyanın Antalyada xərclədiyi şok etdi: Şampan vannası...
- Konqodan olan tələbələr də Azərbaycana təxliyə olundu
- Türkiyənin bu şəhəri COP-31-ə namizəd oldu