Biz bu əməliyyatların təsadüfi yox, sifarişli və məqsədli olduğunu görürük. Burada həm daxili klan savaşlarının, həm də xarici siyasətdə zəifləyən Rusiyanın qəzəbinin izləri var. Azərbaycan buna göz yummayacaq.
Bu sözləri BUTA.TV-a açıqlamasında politoloq, sabiq xarici işlər naziri Tofiq Zülfüqarov Rusiyanın Yekaterinburq şəhərində azərbaycanlılara qarşı şiddət, zorakılıq və qətliam haqda danışarkən deyib.
Onun sözlərinə görə, artıq Rusiyada təzyiqlər yalnız miqrantlara deyil, birbaşa Rusiya vətəndaşı olan qeyri-rus millətlərə də yönəlir:
“Bu dəfə saxlanılanların əksəriyyəti Rusiyanın vətəndaşı olan azərbaycanlılardır. Bu, sadəcə hüquq-mühafizə əməliyyatı deyil, bu – etnik zəmində aparılan repressiyadır. 50-yə yaxın insan saxlanılıb, onlardan ikisi döyülərək öldürülüb, digərləri ağır xəsarət alıb”.
Zülfüqarov baş verənləri Rusiyada idarəetmədə yaranmış xaos və paralel güc mərkəzlərinin toqquşması ilə əlaqələndirir. Onun fikrincə, ölkədə artıq formal olaraq bir mərkəzdən idarəetmədən söhbət getmir:
“Rusiya artıq bir nəfərin yox, müxtəlif klanların idarəsindədir. Orduda bir neçə paralel qurum var. Bəzən düşünürəm ki, Rusiyanı Putin deyil, parçalanmış maraq qrupları idarə edir. Rusiya çoxmillətli dövlətdir. Etnik zəmində zorakılıqlar daxildə dağıdıcı fəsadlara səbəb ola bilər. Hüquq-mühafizə orqanları artıq məhkəmə qərarı olmadan insanlara hökm verir və bu, hüququn deyil, vandalizmin göstəricisidir".
Zülfüqarov qeyd edib ki, Azərbaycan bu proseslərə səssiz qalmayacaq və lazım gəldikdə sərt diplomatik addımlar atılacaq:
“Məqsəd Azərbaycanı susdurmaqdır. Amma biz buna göz yummayacağıq. Azərbaycanın suverenliyi yalnız sərhədlə deyil, onun soydaşlarına olan münasibətlə də ölçülür. Bu mesaj hər kəsə aydın olmalıdır”.
Politoloqun fikrincə, bu hadisələrin arxasında konkret kimlərin dayandığını zaman göstərəcək, lakin artıq Rusiyada sağlam düşüncəli şəxslər belə “Rusiyanı kim idarə edir?” sualını açıq şəkildə verir:
“Bastrıkin (Rusiya İstintaq Komitəsinin sədri), Putin, digər fiqurlar sahədə özlərini sərbəst aparırlar. Xarici İşlər Nazirliyi belə bu halları şərh etməkdən çəkinir. Bu dövlətin gələcəyi ilə bağlı ciddi suallar doğurur. Rusiyada artıq 2 və ya 3 kateqoriyalı vətəndaş anlayışı formalaşıb – belə bir dövlətin sabahı varmı? Bu sualı artıq ruslar özləri də verməyə başlayıb".
- Rəsmi Bakıdan Rusiyaya: Daxili işimizə qarışma! - Nota
- "Sputnik Azərbaycan"da saxlanılanların məhkəmələri keçiriləcək
- XİN məlumat yaydı
- AZAL təyyarəsi Rusiya MN-in göstərişi ilə vurulub - Sensasion iddia
- Peskov Bakıdakı həbslərdən danışdı
- "Sputnik"in redaktorunun evində axtarış aparıldı
- Rusiya Azərbaycana nota verdi
- Bakıda ruslardan ibarət cinayətkar dəstə saxlanıldı - VİDEO