Xəbər verdiyimiz kimi, Ukraynanın kəşfiyyat polkovniki İvan Voroniçin Kiyevdə qətlə yetirilməsində azərbaycanlı ər-arvadın iştirak etdiyi bildirilir.
BUTA.TV xatırladır ki, Xaqani Gülalizadə və Nərmin Quliyeva ad-soyadlı azərbaycanlıların Rusiya kəşfiyyatı tərəfindən ələ alındığı və onlara polkovnik Voroniçin qətlinin sifariş verildiyi iddia edilir.
Məlumata görə, Nərmin Quliyeva 15 may tarixində Moldova ilə sərhəddəki Mayaki-Udobne keçid məntəqəsindən Ukraynaya daxil olub, Xaqani Gülalizadə isə 27 fevral 2025-ci ildə eyni sərhəd məntəqəsindən keçmək istəsə də, onu Ukraynaya buraxmayıblar. İddia edilir ki, o, Ukrayna hüquq-mühafizə orqanlarının bazasında “mafiyaya bağlı şəxs” sayıldığı üçün girişinə qadağa qoyulub. Buna baxmayaraq, Gülalizadənin qanunsuz yollarla Ukrayna ərazisinə daxil olduğu vurğulanır.
“İstintaq materiallarına əsasən, onlara əvvəlcə Ukrayna Təhlükəsizlik Xidmətinin əməkdaşını izləmək, onun gündəlik marşrutu və həyat tərzi barədə məlumat toplamaq tapşırılıb. Daha sonra kuratorları onlara səsboğucu ilə təchiz olunmuş tapançanın gizlədildiyi yerin koordinatlarını verib.
Cinayətdən sonra killerlər gizlənməyə cəhd etsələr də, Ukrayna Təhlükəsizlik Xidmətinin və Ukrayna Milli Polisinin birgə fəaliyyəti nəticəsində onların yeri müəyyən olunub. 13 iyul səhəri keçirilən xüsusi əməliyyat zamanı killerlər silahlı müqavimət göstəriblər və həmin an zərərsizləşdiriliblər”, - məlumatda bildirilir.
Həmçinin qeyd edilib ki, əməliyyata Ukrayna Təhlükəsizlik Xidmətinin rəhbəri, general-leytenant Vasili Malyuk şəxsən rəhbərlik edib.
Voroniçin Rusiyanın hədəfinə düşməsinin əsas səbəbinin isə Rusiya aerodromlarına hücum və strateji aviadaşıyıcılar da daxil olmaqla, 41 rus hərbi təyyarəsinin sıradan çıxarılması səbəb olub. Bildirilir ki, əməliyyatın əsas qurucularından biri də Voroniç olub.
Bütün bu informasiyalar və qatil olduqları bildirilən şəxslərin zərərsizləşdirilməsinə aid fotolar bəzi açıq suallar doğurur:
1. Voroniç Rusiyanın dərinliklərində həyata keçirilən məşhur dron əməliyyatının müəlliflərindən sayılır, ancaq bundan öncə onun adı heç vaxt əsas şəxs olaraq çəkilməyib. Rusiya niyə məhz onu sifariş edib?
2. Voroniç xüsusilə önəmli şəxs olubsa, döyüş hazırlığı keçdikləri haqda heç bir məlumat olmayan azərbaycanlı ər-arvad ona necə yaxınlaşa bilib?
3. Ukrayna kəşfiyyatının yüksək çinli zabiti və böyük əməliyyatın əsas açar şəxsi olaraq Voroniç qorunmayıbmı? Bu, mühüm əməliyyatlarda iştirak edən kəşfiyyat zabiti iki azərbaycanlı diletantdan öz-özünü qoruya da bilməyib?
4. Azərbaycanlı ər-arvad mart ayında ölkəyə daxil olub, iyula qədər harda yaşayıblar və onların rus kəşfiyyatı ilə əlaqəsi necə qurulub?
5. Rus kəşfiyyatı “səsboğucusu olan tapançanın” yerini onlara veribsə, demək, ər-arvad silahsız olublar və yalnız bir tapançaları olub. Qətl törədəndən sonra həmin tapançanı özlərindəmi saxlayıblar? Niyə “qətl sübutu”ndan can qurtarmayıblar?
6. Yerləri təsbit ediləndən sonra “silahlı müqavimət” göstəriblər. Amma öldürüldüklərini əks etdirən fotoda onların yaxınlığında, əllərində hər hansı silah yoxdur. Əgər yüngül silah – qətldən sonra atmadıqları tapança olubsa, onun 5-10 gülləsini boşaltmağını gözləyib, “qatilləri” sağ ələ keçirmək və bütün şəbəkəni ifşa etmək Ukrayna Təhlükəsizlik Xidmətinin rəhbəri Malyukun rəhbərlik etdiyi əməliyyata yaraşan bir addım olardı. Niyə onlar sağ ələ keçirilməyib?
7. Onların hansı silahlarla müqavimət göstərdiyi haqda informasiya və foto niyə yoxdur?
8. “Qatillərin yeri təsbit edildikdən sonra” müqavimət göstəriblər. Ancaq yayılan fotoda onların heç də qapalı yerdə olmadığı, zirehli geyim geymədikləri görünür: adi cins, futbolkada, həm də açıq havada olublar.
9. Qətlə yetirilənlərin təqdim edilən iki fotosuna baxanda, ağ rəngli çiyin çantasının fərqli şəkildə dayandığı görünür, həmçinin yerdəki ağacın da. Bu isə onların öldürülməsindən sonra şəkil çəkilərkən “istintaq ərazisinin” və yaxud “hadisə yerinin” müdaxiləyə məruz qaldığını göstərir. Niyə bu açıq müdaxilə edilib?
10. Ağzıüstə yıxılan Xaqanidən fərqli olaraq, Nərminin hər iki əli görünür – nə əlində, nə də ətrafında silah var. Ən azı Nərmini qətlə yetirməmək mümkün idimi? Nərminin sağ ələ keçirilməsi Ukrayna kəşfiyyatı üçün niyə vacib olmasın?
- AB-dən ABŞ-ın rüsum qərarı ilə bağlı sərt gedişat
- Ermənilərin işgəncə vermələrini əks etdirən kadrlar göstərildi
- "AccessBank"ın xalis mənfəəti 7 milyon manat azaldı
- Xəzər dənizi barədə son açıqlama: Quruyacaqmı?
- "Aqro Point"in nizamnamə kapitalı yenə azaldı
- Ələsgər Ələsgərov nazir müavini təyin olundu
- Bakı və İrəvanın danışıqları... - Tramp
- Orduda Tovuz döyüşlərinin ildönümü qeyd olundu