Qusman işdən çıxarıldı – Azərbaycanda etirazlar başladı

11:28 - 25 İyul 2025 - GÜNDƏM

 Qusman işdən çıxarıldı – Azərbaycanda etirazlar başladı

TASS İnformasiya Agentliyinin baş redaktorunun birinci müavini Mixail Qusmanın ötən gün Baş nazir Mixail Mişustinin əmri ilə vəzifəsindən azad olunması Azərbaycanda birmənalı qarşılanmayıb.

BUTA.TV xəbər verir ki, 1950-ci il 23 yanvarında Bakıda anadan olan Mixail Qusman hər zaman Azərbaycana sevgisi ilə seçilib və Azərbaycan və azərbaycanlılar da bu bakılı balasını öz doğması kimi qəbul edib.

Qusman həm də Rusiya və Azərbaycan münasibətlərinin inkişafına töhfə verib, hər hansı gərginlik zamanı informasiya təxribatlarının qarşısını almağa çalışıb. Bu isə onun Rusiya və Azərbaycan arasında həm də körpü rolunu oynadığını deməyə əsas verir.

Qusmanın 75 yaşı tamam olub, bu baxımdan onun vəzifədən azad edilməsi qəribə qarşılanmamalıdır. Amma bakılı olduğunu hər zaman nümayiş etdirən bir məşhur jurnalistin məhz 19-21 iyulda Xankəndidə keçirilən 3-cü Şuşa Beynəlxalq Media Forumunda iştirakdan dərhal sonra, az qala, forumdan Moskvaya geri qayıdan kimi çıxarılması təsadüf sayılmır. Rusiya da bu təəssüratın yaranmasında maraqlı olduğunu nümayiş etdirir, onun vəzifədən çıxarılmasının səbəbləri ümumiyyətlə açıqlanmır.

Bu xəbər hal-hazırda çox oxunur
Bakı bunu gözləyirdi, Kreml etmədi: Niyə?

Burda bir neçə məqam da var:

- Kreml təmsilçiləri hazırda Rusiya və Azərbaycan arasında münasibətlərin heç də yaxşı olmadığını, gərginlik yaşandığını etiraf edirlər. Ancaq münasibətlərin düzəlməsinə əminliklərini bildirirlər. Bu halda bu münasibətlərin düzəlməsində rol oynayacaq bir şəxs niyə vəzifədən azad edilsin?

- Mixail Qusman Azərbaycana istənilən vaxt gəlmək, öz həmkarları da daxil olmaqla, rəsmilər və hətta Prezident Əliyev tərəfindən qəbul olunmaq şansı olan və sevgi ilə qarşılanan, xahişi geri çevrilməsi çətin olan şəxsdir. Bu cür “canlı əlaqə kanalı”nı Rusiya Azərbaycanla münasibətdə niyə əldən çıxartsın ki?

Bu və digər suallar fonunda artıq Azərbaycanda ziyalılar, xüsusilə media təmsilçiləri bir-birinin ardınca bunun Qusmanın Xankəndidə keçirilən foruma gəlişi ilə bağlı olduğuna əminliklərini ifadə edib, Rusiyaya ittihamlar səsləndirməkdədirlər.

“Şuşa forumunda iştirakına görə məşhur Mixail Qusmanın TASS informasiya agentliyinin direktor müavini vəzifəsindən azad edilməsi çökməkdə olan Rusiyanın, batmaqda olan Putinin nə qədər miskin vəziyyətdə olduğunu göstərir” sözlərini yazan Qulu Məhərrəmli hətta buna şübhə belə etmədiyini nümayiş etdirib.

Media eksperti Rəşid Hacılı da “Mixail Qusmanı vəzifəsindən çıxarması Moskvanın Bakıya qəzəbinin açıq ifadəsi” adlandırıb.

Əgər iddialar doğrudursa, onda belə çıxır ki, Kreml Azərbaycanla körpüləri yandırmağa başlayıb.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol