Cənubi Qafqazda dayanıqlı sülhün təmin olunması üçün münbit zəmin yaranıb. Azərbaycanın məqsədyönlü siyasəti nəticəsində bu istiqamətdə ciddi nəticələr əldə edilib. Vətən müharibəsindən sonra yaranan reallıqlar ölkəmizin yalnız hərbi üstünlüyün deyil, həm də siyasi gücünün ifadəsidir. Azərbaycan Prezidenti İlham Əliyevin ardıcıl sülh təşəbbüsləri bölgədə uzun illərdir davam edən hərbi münaqişəni dayandırmaqla yanaşı, qarşılıqlı etimadın əsaslarını müəyyənləşdirir.
BUTA.TV xəbər verir ki, bu sözləri deputat Samir Vəliyev deyib.
O bildirib ki, hazırda Azərbaycan və Ermənistan cəmiyyətləri arasında etimad quruculuğu yönündə işlər davam edir:
"Çünki bu, dayanıqlı sülh üçün mühüm şərtdir. Postmüharibə dövründə Azərbaycan qalib tərəf olmasına rəğmən, heç bir ilkin şərt irəli sürmədən, beynəlxalq prinsiplərdən çıxış etməklə sülh təşəbbüsünü irəli sürüb və daim sülh gündəliyinə dəyişməz sadiqlik nümayiş etdirib. Avqustun 8-də isə Vaşinqtonda, Ağ Evdə möhtəşəm bir tarix yazıldı. Ağ Evdə imzalanan sənədlər, ABŞ Prezidenti Donald Tramp tərəfindən dövlətimizin başçısına göstərilən xüsusi ehtiram Azərbaycan diplomatiyasının növbəti uğuru oldu".
Qarayevin Rusiya ilə əlaqələri haqda şok: Siyahıda başqa ölkə də var...
Millət vəkilinin sözlərinə görə, Azərbaycan dövləti və xalqı müharibə səhifəsini bağlamaq və gələcəyə baxmaq əzmindədir:
"Məlumdur ki, Ermənistandakı revanşist əhval-ruhiyyəli qüvvələr, onların xaricdəki havadarları dünya birliyinin 44 günlük müharibənin və 23 saatlıq antiterror tədbirlərinin nəticələrini tanımamasına nail olmağa çalışırdılar, bəzi ölkələrin parlamentlərində hansısa bəyanatlar, qətnamələr qəbul olunurdu. Ancaq beynəlxalq hüquq çərçivəsində davranan, ədalətli müharibənin qalibi olan Azərbaycan təzyiqlər qarşısında geri çəkilməyərək öz həqiqətlərini müdafiə etməyi bacardı. Vaşinqtonda ABŞ Prezidentinin şahidliyi ilə Azərbaycan və Ermənistan liderlərinin Birgə Bəyanatı, iki ölkənin xarici işlər nazirləri tərəfindən “Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsinə dair Saziş” layihəsini paraflanması bir daha göstərdi ki, dünya Azərbaycanın başladığı, irəli apararaq məntiqi sonluğa yaxınlaşdırdığı sülh gündəliyini qəbul edir. Vaşinqton görüşünün nəticəsi olaraq ATƏT-in Minsk qrupunun və ona bağlı olan əlaqəli qurumların de-yure ləğvi də keçmiş Qarabağ münaqişəsinin beynəlxalq gündəmdən tamamilə çıxarılması deməkdir. Bu, Azərbaycan üçün tarixi uğurdur. Artıq revanşistlərin, onilliklər ərzində işğalçılıq siyasətini dəstəkləmiş qüvvələrin, erməni lobbisinin istinad edəcəyi heç nə qalmayıb".
Samir Vəliyev qeyd edib ki, Vaşinqton razılaşmasından sonra qarşılıqlı etimad mühitinin formalaşması üçün praktiki addımlar atılır:
"Hökümətlər bu yöndə müvafiq işlər görürlər. Təəssüf ki, Ermənistanda bəzi dairələr, xüsusilə revanşistlər iki ölkə arasında sülhə qarşı çıxışlar edirlər. Belə hallar qəbuledilməzdir. Bugünlərdə Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev də Doha Forumunda qarşı tərəfi sülhə əngəl olan yanaşmalardan çəkinməyə çağırıb. Nəzərə alaq ki, dövlətimiz etimad quruculuğu üçün zəruri addımlar atır. Ermənistana yük tranziti ilə bağlı məhdudiyyətlərin aradan qaldırılması məhz bunun göstəricisidir. Belə bir ilk tranzit Qazaxıstanın Ermənistana taxıl yükü olub. Zənnimcə, bu, həmçinin Azərbaycan ilə Ermənistan arasında sülhün yalnız kağız üzərində deyil, həm də praktikada olduğunun yaxşı göstəricisidir. Rusiyadan da yüklərin Ermənistana Azərbaycan ərazisi vasitəsilə daşınması həyata keçirilir. Bu, o deməkdir ki, artıq regionda ticarət yolları açılır, sərhədlər yumşalır, qarşılıqlı etimadın formalaşması üçün mühüm zəmin yaranıb. Bu yaxınlarda Azərbaycan və Ermənistanın vətəndaş cəmiyyətinin nümayəndələrinin qarşılıqlı səfərləri də sülh yolunda önəmli addımdır.
Prezident İlham Əliyevin siyasəti nəticəsində Cənubi Qafqaz hərbi toqquşmalar məkanından əməkdaşlıq platformasına çevrilməkdədir. Azərbaycanın sülh təşəbbüsləri bu gün həm beynəlxalq aləmdə, həm də region müstəvisində etimad qazanıb. Yekun sülh müqaviləsini imzalamaq üçün isə rəsmi Yerevan üzərinə düşən öhdəlikləri yerinə yetirməlidir. Bu da ondan ibarətdir ki, Ermənistan konstitusiyasından və digər qanunvericilik aktlarından Azərbaycana qarşı ərazi iddiaları çıxarılmalıdır. Digər tərəfdən, erməni cəmiyyətində sülhə qarşı çıxanlar anlamalıdır ki, onların revanşist çağırışları ilk növbədə özləri üçün zərərlidir. Ona görə də, regionda sülhün alternativi yoxdur”.
- İlham Əliyev Slovakiyaya getdi
- Regionda ticarət yolları açılır, sərhədlər yumşalır...
- İlham Əliyevin Tehrana səfərini gözləyirik - Arakçı
- 20 Yanvar qırğınında iştirak etmiş əsgərdən şok etiraf
- Hərbçilərimizin Qəzzaya göndərilməsi... - Bayramov
- Trampın yalanı: Zelenski “planı” necə oxumaya bilər?
- Qanun dəyişir: 8 min manat müavinət kimlərə veriləcək?
- Arakçı Şəhidlər xiyabanını ziyarət etdi