“Aqrar sahənin dünya standartlarına çatdırılması üçün inqilabi yeniliklərə ehtiyac yoxdur” - Ekspert

23:25 - 13 İyun 2026 - CƏMİYYƏT

 “Aqrar sahənin dünya standartlarına çatdırılması üçün inqilabi yeniliklərə ehtiyac yoxdur” - Ekspert

Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 25 may tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”nın icrası və beynəlxalq praktikalardan yararlanaraq yerli modelin hazırlanması strateji hədəflərdən biridir. Hazırda ölkəmiz üçün ən uyğun model Türkiyə praktikasıdır.

Aqrar ekspert Ruslan Eldaroğlunun sözlərinə görə, Türkiyədə kənd təsərrüfatının əsas dayaqlarından biri kooperativlərdir. Azərbaycanda da qanunvericilik mövcuddur, lakin kooperativlərin sayı və fəaliyyəti məhduddur. Kiçik fermerlər texnika, anbar və satış imkanlarını birləşdirə bilsələr, istehsal xərcləri əhəmiyyətli dərəcədə azalacaq.  

Azərbaycanın əsas problemlərindən biri su qıtlığıdır. Türkiyə son illərdə damcı suvarma və ağıllı suvarma sistemlərinə ciddi investisiyalar yatırır. Azərbaycanda da müasir suvarma avadanlıqlarının subsidiyalaşdırılması mövcuddur, lakin əhatə dairəsinin genişləndirilməsi vacibdir.  

Hər rayonun üstün olduğu məhsullar müəyyən edilməli və dövlət dəstəyi buna uyğun verilməlidir. Məsələn : 
Aran rayonları – taxılçılıq, pambıqçılıq və yemçilik,
Quba-Xaçmaz – meyvəçilik,
Lənkəran-Astara – sitrus və çayçılıq,
Qarabağ və Kəlbəcər-Laçın – heyvandarlıq,
Şəki-Zaqatala – fındıqçılıq və tütünçülük.

Bu yanaşma resurslardan daha səmərəli istifadəyə imkan verəcək.

Fermer yalnız xammal satmamalıdır. Süd məhsulları, pendir, meyvə şirələri, konservlər və ət məhsulları üzrə regional emal müəssisələrinin sayı artırılmalıdır. Əlavə dəyərin ölkədə qalması ilə fermerlərin gəlirləri də yüksəlmiş olar.

Azərbaycanda heyvandarlıqda məhsuldarlıq hələ də inkişaf etmiş ölkələrdən geri qalır. Süni mayalandırma, damazlıq heyvanların artırılması və yem bitkilərinin əkin sahələrinin genişləndirilməsi vacibdir. Dövlət artıq bu istiqamətdə subsidiyalar verir. Lakin  proqramların genişləndirilməsi əlavə nəticələr verə bilər. 

Türkiyədə aqronom və baytarlar fermerlərlə birbaşa işləyirlər. Azərbaycanda da hər rayonda aqrar konsultasiya mərkəzlərinin yaradılması məhsuldarlığı artırar.
Ruslan Eldaroğlu ölkəmizin logistika imkanlarının genişliyinin aqrar sahənin inkişafı üçün əsas dayaqlardan olduğunu deyir.

”Azərbaycanın ən böyük üstünlüyü onun tranzit mövqeyidir. Orta Dəhliz və Şimal-Cənub nəqliyyat marşrutları vasitəsilə kənd təsərrüfatı məhsullarının Türkiyə, Körfəz ölkələri, Mərkəzi Asiya və Avropa bazarlarına çıxarılması mümkündür”.

Ekspertin fikrincə, bu istiqamətlər üzrə sistemli addımlar atılarsa, Azərbaycan 5–10 il ərzində həm ərzaq təhlükəsizliyini gücləndirə, həm də kənd təsərrüfatı ixracını əhəmiyyətli dərəcədə artıra bilər.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol