Bəlkə də ki, Babək prospektində yerləşən “Doğtaş”ı “yardımların toplandığı mərkəz” kimi təqdim edən Bakıdakı türk qardaşlarımız bilmirdilər ki, azərbaycanlılar paytaxtın ən böyük 4 prospektindən birinə axın edəcək, yol bağlanacaq, saatlarla gözləməkdən yorulmayacaq, öz yardımını çatdıracaq...
Amma biz bunu gözləyirdik!
Bəlkə də “Doğtaş” anbarının bu yardımları qəbul etmək imkanında olmayacağını, qısa müddətdə anbarın dolacağını, yardımların körpünün altına qalaqlanacağını və TIR-ların yüklənib aparmağa çatdırmayacağını da düşünməmişdilər...
Biz bunu düşünürdük!
Buna görə Bakının Tiflis prospektindəki ən böyük idman kompleksini ayırdılar – ancaq biz bilirdik, bilirdik ki, ora da yetməyəcək.
Buna görə Bakıda bir neçə yerdə yardım qəbulu mərkəzləri yaratdılar!
Bilirik, bu da yetməyəcək...
Rayonlardan əhalinin yardım üçün səfərbər olacağını isə bəlkə heç biz də gözləmirdik. Rayonlardakıların informasiyalı və bu qədər aktiv olmayacağı kimi yanlış fikirlərimiz olur bəzən.
Ancaq öz köhnə, sınıq-salxaq maşınına Türkiyənin bayrağını asıb, cehizliyini yükləyib, yardıma tələsən azərbaycanlını görəndə kövrəlməmək mümkün deyil.
Türk qardaşlarımız yorğan-döşək, adyal dedi – qardaşlarının donmaması üçün evindəki artığını deyil, olanını çatdırmaq üçün azərbaycanlılar göz yaşı içində yardıma tələsdi...
Əgər Türkiyə CAN istəsəydi, heç şübhəm yoxdur, bu xalq onu da əsirgəməzdi...
Bu da keçəcək, bundan da sağ çıxacağıq, bir ölüb, min diriləcəyik.
Ancaq qardaşlığın bu FOTOları heç zaman keçməyəcək, həmişə bizimlə olacaq.
Çünki ürəkdən gəlir, qəlbdən gəlir; çünki Türkiyənin ayağına daş dəyəndə Azərbaycanın qəlbi sızıldayır.
Bu, pafos deyil, mübaliğə deyil;
Bu, həqiqətdir – bu FOTO kimi...
- Azərbaycanda cərraha yüksək vəzifə verildi
- Bu şagirdlərdən nələr oğurlamısınızsa, geri qaytarın!
- Yaşar Gülər Bakıda Zəfər parkını ziyarət etdi
- Samir Əliyevin qəfil vəfatı ilə bağlı yeni detallar - Bir gün əvvəl...
- Sumqayıtda “Bayraqdar” PUA-ları istehsal ediləcək
- Bu təşkilatın Bakıdakı nümayəndəliyi bağlanır
- Gəncədə 18 yaşlı gənci döyüb öldürdülər
- Bakıda taksi sürücüsü 5 manatlıq yolu 435 manata apardı...