İran-İsrail müharibəsi olacaqmı? - Politoloq

17:48 - 13 İyun 2025 - GÜNDƏM

 İran-İsrail müharibəsi olacaqmı? - Politoloq

İki ölkə arasında genişmiqyaslı müharibə olması hazırda mümkünsüz görünür. Faktiki olaraq birtərəfli müharibə gedir və İsrail İranı cəzalanladırır.

Bu sözləri BUTA.TV-a açıqlamasında politoloq Turab Rzayev İsrailin İrana hücumlarını şərh edərkən deyib.

“Hazırda İranın İsrailə cavab vermə imkanı azdır. İran indiki halda husilərdən, Hizbullah və HƏMAS-dan istifadə edə bilərdi. Ancaq Hizbullahın və HƏMAS-ın indiki halı ortadadır. Proseslər onu göstərir ki, İran hava hücumlarının qarşısında acizdir.

Xatırladım ki, bundan öncə də İran daxilində sui-qəsdlər oldu, hava sahəsinə zərbələr endirildi və obyektləri vuruldu. Bunun qarşılığında isə İranın ciddi şəkildə cavab verdiyini görə bilmədik. Ancaq dron və raketlər göndərildi ki, onlar da elə havada vuruldu.

İsrail isə bu hücuma ciddi şəkildə hazırlaşıb və hər detalı ölçüb-biçib. Hücumda 200-ə yaxın təyyarədən istifadə edib, 100-dən çox obyekt vurulub, vacib şəxslər öldürülüb, həmçinin İranın ordu komandanlığı demək olar ki, ləğv edilib. İran Buşəhr AES-ə yox, Natanzdakı nüvə obyektinə zərbə endirib. Çünki İsrail bilir ki, Natanzda nüvə obyektinə zərbələr endirsə, böyük radioaktiv partlama riski yoxdur. Qonşu ölkələr və ictimaiyyət tərəfindən böyük qınaq və sərt reaksiya almaması üçün İsrail Natanzı seçdi.

Bütün bunlar onu göstərir ki, İsrail dəqiq hesablayıb və bu proses ABŞ-la koordinasiya edilib.

Artıq Netanyahunun hökuməti demək olar ki, bunkerdə gizləniblər və İranın cavabını gözləyirlər. Düzdür, İran iki saat ərzində cavab verəcəyini demişdi. Ancaq göndərdikləri PUA-lar havada zərərsizləşdirilir. İsrail faktiki olaraq İranı 1990-cı illərin İraqı və 2000-ci illərin Suriyası vəziyyətinə salıb.

Yəni İran-İsrail müharibəsi olmayacaq. Çünki İranın İsrailə verəcəyi cavab məhduddur. Düşünürəm ki, İran cavab olaraq bir neçə dron göndərəcək və məsələ burdaca bitəcək”, - deyə politoloq bildirib.

Qeyd edək ki, İsrail Hərbi Hava Qüvvələri 13 iyun səhər tezdən İranın nüvə və hərbi bazalarına dağıdıcı zərbələr endirib.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol