Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva 55 yaşlı Sumqayıt Dövlət Dram Teatrının rəhbər heyəti ilə görüşüb.
BUTA.TV xəbər verir ki, teatrın direktor əvəzi – əməkdar artist Vidadi Məmmədov, baş rejissor, xalq artisti Firudin Məhərrəmov, truppa müdiri Zöhrəli Əliyev, aparıcı aktirisa Fərqanə Musayevanın iştirak etdiyi görüşdə teatrın tarixindən, ənənələrindən, yubiley ilinə dair yaradıcılıq planlarından, teatrın qayğılarından söz açılıb.
Yubilyar teatrın Azərbaycan mədəniyyət-sənət mühitində yarım əsrdən artıq müddətdə səmərəli xidmətlərini xatırladan Komitə sədri əlamətdar yubiley münasibəti ilə teatr rəhbərliyinə Mədəniyyət Komitəsi adından Təbrik məktubu və xatirə hədiyyələri təqdim edib.
Qeyd edək ki, Sumqayıt Dövlət Dram Teatrı 1968-ci ildə yaradılıb, öz pərdəsini 1969-cu ilin mart ayının 14-də Azərbaycan dramaturgiyasının banisi Mirzə Fətəli Axundzadənin “Müsyo Jordan və Dərviş Məstəli şah” (rejissoru Cənnət Səlimova) məzhəkəsi ilə açıb.
Xalq artistləri Rza Əfqanlı, Barat Şəkinskaya, görkəmli rejissor Mərahim Fərzəlibəyov bir müddət bu teatrda çalışıb. Teatrın yetirmələri – Afaq Bəşirqızı, Hicran Mehbalıyeva, Valeh Kərimov, Rövşən Almuradlı, Kazım Abdullayev, Məzahir Süleymanov sonrakı illərdə Azərbaycanın tanınmış incəsənət xadimləri olaraq şöhrət qazanıb.
Teatr rəhbərliyi görüş və təbrikə görə Komitə sədrinə təşəkkür edib, onu, komitənin üzv və əməkdaşlarını teatrın yeni tamaşasına dəvət edib.
- Azərbaycanda bu mobil operator fəaliyyətini dayandırdı
- Azərbaycana qarşı bu qətnamənin heç bir əsası yoxdur
- Paşinyandan paylaşım: Azərbaycan qatarı Ermənistanda - Video
- Amnistiya tətbiq ediləcək şəxslərin siyahısı... - Nazirlik
- Anar Əsədlinin ev dustaqlığına buraxılması istənildi - Qərar
- Jirinovskinin inanılmaz proqnozları: ABŞ-Rusiya belə razılaşır
- Azərbaycanda xüsusi karantin rejimi ilə bağlı - Qərar
- Putinin mətbuat konfransında xəritə mesajı - Foto