Sülh planı Kremlə çatdırıldı: Nələr var və Putin razılaşacaq?

20:58 - 24 Dekabr 2025 - GÜNDƏM

 Sülh planı Kremlə çatdırıldı: Nələr var və Putin razılaşacaq?

Ukrayna Prezidenti Vladimir Zelenski ağır şərtlərinə rəğmən, 20 bəndlik sülh planını qəbul etməyə hazırdır. Bu, ABŞ Prezidenti Donald Tramp administrasiyasının ilkin irəli sürdüyü 28 bəndlik planın ixtisarlar və düzəlişlər edilmiş variantıdır. Misal üçün Vaşinqtonun planının bəndlərinin birində işğal altında olan Zaporojye atom elektrik stansiyasının ABŞ-ın idarəçiliyinə veriləcəyi və elektrikin 50/50-yə Ukrayna ilə Rusiya arasında bölüşdürüləcəyi yazılmışdı. Hazırki planda bu bəndə stansiyanın 50/50-yə Ukrayna ilə ABŞ arasında bölüşdürüləcəyi yazılıb. Bu elə böyük düzəliş deyil, onsuz da ABŞ həmin 50 faizi Rusiyaya ötürəcək, sadəcə Kiyev bu bənddə elektrikin 50 fazinin Rusiyaya ötürüləcəyi cümləsinə razılaşa bilməzdi.

BUTA.TV xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu Vladimir Zelenskinin açıqladığı 20 bəndlik sülh planı haqda qeyd edib.

“Planın ilkin variantında sülh dövründə Ukrayna Silahlı Qüvvələrinin sayının 600 min olacağı göstərilirdi. Hazırkı planda bu rəqəm 800 min yazılıb. Yeni planın 5-ci bəndində yazılıb ki, ABŞ, NATO və Avropa Ukraynaya “5-ci maddə nümunəsində” təhlükəsizlik zəmanətləri verəcək və əgər Rusiya Ukraynaya yenidən müdaxilə edərsə, hərbi cavab olacaq və sanksiyalar bərpa ediləcək. Buna baxmayaraq, bu bənd qeyri-müəyyən olaraq qalır. Ukraynaya veriləcək təhlükəsizlik təminatı 1994-cü ildə verilən təhlükəsizlik təminatından mahiyyət etibarilə fərqlənməlidir. Bu, elə bir bənd olmalıdır ki, Rusiya gələcəkdə yenə Ukraynaya hücum etməyi planlaşdırsa, qarşısında daha böyük güclərin dayanacağını anlasın və bu amil onu qonşusuna növbəti həmlədən çəkindirsin”, - politoloq vurğulayıb.

E.Şahinoğlunun fikrincə, yeni planın əsas bəndlərindən biri ərazilərlə bağlıdır:

“Rusiya hərbi qüvvələri Dnepropetrovsk, Nikolayev, Sum və Xarkov vilayətlərindən çıxmalı, Donetsk, Luqansk, Zaporojye və Xerson vilayətlərində isə “harada dayanmışıqsa, orada qalırıq” prinsipi işə düşməlidir. Bu, Ukraynanın edə biləcəyi maksimum güzəştdir. Yəni Ukrayna itirdiyi əraziləri hüququ baxımdan Rusiya ərazisi kimi tanımasa da, reallıqdan çıxış edərək həmin ərazilərin hərbi yolla geri qaytarılmayacağını qəbul edir.

Beləliklə, Kiyev və Brüssel mövcud planı qəbul etməyə hazırdır. Vaşinqton da yeni plana etiraz etməz. Əsas məsələ bu plana Kremli razı salmaqdır. Rusiya Prezidenti Vladimir Putinin şəxsi təmsilçisi Kirill Dmitriyev ABŞ-a səfər edərək planı Moskvaya çatdırıb. Kreml sahibinin yeni planla razılaşması çətindir. O, əvvəlkitək Donbasın tamamını tələb edir. Putin 20 maddəlik planın əksər bəndlərinə etiraz etməsə də, ərazilərlə bağlı bəndi qəbul etməyəcək. Bu halda planın qəbulu mümkün olmayacaq və müharibə tam şiddətiylə davam edəcək”.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol