Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Özbəkistan Respublikasının Prezidenti Şövkət Mirziyayevə təbrik məktubu ünvanlayıb.
BUTA.TV məktubun mətnini təqdim edir:
"Hörmətli cənab Prezident,
Qardaş Özbəkistan Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi və xoş arzularımı çatdırıram.
Bu gün Sizin liderliyiniz və uzaqgörən siyasətiniz nəticəsində Özbəkistan dövlətçilik ənənələrinə və prinsiplərinə sadiq qalaraq sosial-iqtisadi yüksəliş yolu ilə inamla irəliləyir. Rəhbərliyiniz altında ölkənizin əldə etdiyi mühüm nailiyyətlərin, beynəlxalq aləmdə qazandığı nüfuzun və hər keçən il daha böyük uğurlara imza atmasının şahidi olmaqdan xüsusi məmnunluq duyuruq. Regionda cərəyan edən proseslərdə fəal rolu və mövqeyi Özbəkistana ən mötəbər beynəlxalq təşkilatların toplantılarını və zirvə görüşlərini yüksək səviyyədə keçirməyə imkan yaradır.
Azərbaycan ilə Özbəkistanı əsl dostluq və qardaşlıq telləri birləşdirir. Belə möhkəm təməllər əsasında qurulmuş ikitərəfli münasibətlərimizin və strateji tərəfdaşlığımızın ildən-ilə yüksələn xətlə inkişaf etməsi və konkret məzmunla zənginləşməsi bizi sevindirir.
Aramızdakı açıq və fəal siyasi dialoq, ali səviyyəli qarşılıqlı səfərlərimiz, mütəmadi görüşlərimiz, imzalanmış çoxsaylı sənədlər, uğurla həyata keçirilən birgə layihələr, o cümlədən Hökumətlərarası Komissiyanın fəaliyyəti əməkdaşlığımızın müsbət dinamikasını şərtləndirərək yeni tərəfdaşlıq istiqamətlərinin müəyyən edilməsində mühüm rol oynayır.
Bir neçə gün əvvəl Azərbaycana həyata keçirdiyiniz dövlət səfəri Azərbaycan-Özbəkistan əlaqələrinin tarixində yeni səhifə açmış, strateji tərəfdaşlığımızın hərtərəfli inkişafına güclü təkan vermişdir.
Əminəm ki, dövlətlərarası münasibətlərimizin daha da möhkəmləndirilməsi, əməkdaşlığımızın prioritet sahələrinin inkişafı, beynəlxalq təşkilatlar, xüsusilə də Türk Dövlətləri Təşkilatı çərçivəsində uğurlu birgə fəaliyyətimizin davam etdirilməsi və genişləndirilməsi yolunda bundan sonra da səylər göstərəcəyik.
Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə müvəffəqiyyətlər, qardaş Özbəkistan xalqına daim əmin-amanlıq və firavanlıq arzulayıram".
- Şirkətlərlə milyonluq tender qazanan Vüqar Nağıyev kimdir?
- Şamaxıdakı zəlzələ zamanı dağıntı olub? - Rəsmi
- ABŞ Rusiyanın ən uzunmüddətli “xarici dayağını” alt-üst etdi
- Rusiya Azərbaycan üzərindən Ermənistana şəkər göndərir
- Bu, Trampa İrana zərbə endirmək üçün bəhanə verə bilər
- ABŞ-ın İranla bağlı son qərarı: Azərbaycanlıları gözləyir
- Tramp Azərbaycanın xəbər kanalından video paylaşdı
- Nəsimi rayonunun başına keçən Gülarənin utandırıcı videosu yayıldı – VİDEO