ABŞ-ın Ermənistana xüsusi sərhəd mühafizə qrupu göndərməsi qonşu ölkələr olan İran, Azərbaycan və Türkiyəyə ciddi təsir göstərə bilər. Ümumilikdə bu sazişin imzalanması Qafqaz regionunda gərginliyi artıracaq potensiala malikdir. Həm də Zəngəzur dəhlizinin açılması ilə bağlı məsələdə bu, ciddi bir əngəl kimi görünür.
Bu sözləri BUTA.TV-a türkiyəli siyasi ekspert Engin Özər Vaşinqtonda ABŞ və Ermənistan arasında strateji tərəfdaşlıq haqqında sazişin imzalanmasına münasibət bildirərkən deyib.
Onun sözlərinə görə, sazişin imzalanmasında ABŞ üçün əzəli rəqiblər olan İran və Çin faktoru dayanır:
“Çinin “Bir kəmər, bir yol” layihəsi Avropa ilə əlaqəni üç əsas istiqamətdə təmin edir. Birincisi, şimal marşrutu Rusiya və Belarus üzərindən keçirdi, lakin müharibə səbəbindən bu yol bağlanıb. Dəniz marşrutu isə Qırmızı dəniz üzərindən Aralıq dənizinə bağlanırdı, lakin husilərin hücumları bu istiqamətdə ciddi problemlərə səbəb olub və gəmilər Ümid burnunu dolanmaq məcburiyyətində qalır. Real olan layihə isə Orta Dəhliz adlandırılan və Azərbaycanın Zəngəzur dəhlizinin açılması ilə Naxçıvana bağlanmasını nəzərdə tutan marşrutdur. ABŞ bu dəhlizi əngəlləyərək Avropa və Çin arasında ticarəti zəiflətməyə çalışır”.
Politoloqun fikrincə, bu sazişin imzalanması Qafqaz regionunda vəziyyəti gərginləşdirə bilər:
“Yaxın gələcəkdə İsrailin İrana qarşı əməliyyat başlatması gözlənilir. Bu vəziyyətdə Ermənistanla İran arasında mümkün ittifaqları əngəlləmək məqsədilə bu addımlar atılır. Paşinyan dövründə bu ittifaqlar nisbətən zəiflədilib. Yaxın zamanda baş verə biləcək İran müharibəsi bölgədə əhalinin hərəkətliliyinin dəyişməsinə səbəb olacaq. Belə bir münaqişə sonrası böyük bir qaçqın dalğası gözlənilir”.
Özərin sözlərinə görə, ABŞ-ın İrəvana sərhəd mühafizə qrupu göndərməsi də Ermənistanla sərhədyanı ölkələr üçün arzuolunan deyil:
“Zəngəzurun açılmaması isə Türkiyənin Orta Asiya və Çinlə əlaqələrinin zəifləməsinə gətirib çıxaracaq. Bu, nə Türkiyə, nə də Azərbaycan üçün müsbət bir inkişafdır. Ancaq fiziki baxımdan Ankaranın bu məsələdə edə biləcəyi çox şey yoxdur. Türkiyənin bu məsələyə ciddi reaksiya göstərməsi mümkün deyil, çünki Ermənistan müstəqil dövlətdir və necə ki, KTMT ilə əməkdaşlıq edir, ABŞ-la da razılaşma əldə edə bilər. Türkiyənin yaxınlaşmaqda olan İran müharibəsində çox fəal olmağa həvəsli olmadığı da nəzərə alınmalıdır. Son zamanlar Türkiyədə aparılan antiiran təbliğatı bunu sübut edir”.
- Azərbaycandan qatar yola düşdü: Alqışlayıram!
- Şahin Şıxlinskinin məhkəməsi başladı
- Abbas Abbasovu bu vəzifəyə hansı prezident gətirmişdi?
- Rusiya və İranın Zəngəzur narahatlığı: hansı addımlar atıla bilər?
- Azərbaycandan Ermənistana neft məhsulları yola salınır
- İlham Əliyev Qətər əmirini təbrik etdi
- Vüqar Əhmədə yüksək etimad: AEA üzvü seçildi
- Əli Kərimlidən yeni xəbər