“O xəbəri alanda bütün qonşulara 20 manatdan pul payladım” - Videomüsahibə

08:00 - 12 İyun 2026 - GÜNDƏM

 “O xəbəri alanda bütün qonşulara 20 manatdan pul payladım” - Videomüsahibə

85 yaşlı müsahibimiz gənclərin belə ən qısa məsafələr üçün taksiyə üstünlük verdiyi bir vaxtda ofisimizə ictimai nəqliyyatla gəlmişdi. O, illərin vərdişindən imtina etməyərək hələ də şəhərdə avtobusla hərəkət etdiyini qeyd edir. Onunla söhbətdə təkcə bir insanı deyil, bütöv bir dövrü dinləyirsən. Parlamentin birinci və ikinci çağırış deputatı olan, uzun illər də belə xatırlanan Əsmətxanım Məmmədova hazırda Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsində, Orta Şərq dilləri və ədəbiyyatı kafedrasının dosenti kimi fəaliyyətini davam etdirir.

Əsmətxanım Məmmədovanın “BUTA.TV”ya müsahibəsini təqdim edirik:

- Bu yaxınlarda 85 illiyinizi qeyd etdiniz. Yubiley yaşı ilə bağlı təəssüratlarınız necədir?

- Əsasən yaxşıdır... Amma mən heç 85 ilin nə vaxt gəlib çatdığını bilmədim. Ya işlərim çox oldu, çox məşğul oldum, ya da bilmirəm hansı səbəbdənsə bir də gördüm ki, təqvimdə artıq 85-dir. Əlbəttə, yaşanan illər insana böyük həyat təcrübəsi verir. 20-30 yaşların həyata baxışı 70-80 yaşların baxış bucağından 180 dərəcə fərqlənir. Bir zaman sənə çox əhəmiyyətli görünən nəsə zamanla əhəmiyyətini itiririr və məncə illər illəri əvəzlədikcə insan daha çox mahiyyətə fokuslanır. 

- Maştağa kimi ənənələri güclü bir kənddə böyüyən qız olaraq, elmə, siyasətə gəlişiniz necə başladı? Bildiyim qədərilə o dövrdə bir çox valideyn qızlarını təhsildən belə yayındırırdı.

- Maştağanın doğrudan qədim ənənələri var, gözəl alimləri var. Mənim atam da ziyalı insan idi, kəndin qurucularından olub. Maraqlıdır ki, Maştağanın əhalisini 2 min adam göstərirlər, amma indi 100 mindən çox insan yaşayır. Mənə qədər universiteti bitirən xanımlar var idi. Bizim ailədə isə elmə həmişə hörmət olub. Biz ailədə 7 uşaq olmuşuq, hamımızın da oxumağa həvəsimiz olub.

- Milli Məclisin bir və ikinci çağırış deputatı olmusunuz. Maraqlıdır, o dövrdə sizə daxil olan şikayətlər daha çox nə ilə bağlı olurdu?

- Şikayətlər müxtəlif məsələlərlə bağlı olurdu. Mənim 10 illik deputatlıq fəaliyyətimdə Arif Rəhimzadə deyirdi, Əsmətxanım yeganə deputatdır ki, müdam seçiciləri ilə görüşür. Maştağada Hacıağa Abbasov adına klub var. Mən elə o vaxtkı icra başçısı Vaqif Abdullayevə dedim ki, o yeri mənə ayırın, seçicilərimlə görüşüm. Tərəddüd edəndə cavab verdim ki, verməlisiniz, çünki evimizin bir qapısı var, orada neçə adam yaşayır – qayınanam, qaynım, digərləri... Klubdakı o otağı verdilər və məndən əvvəlki deputata da o otağı veriblərmiş. Mən hər şənbə və bazar günü heç olmasa, 2 saat qəbul keçirirdim. Ən azı 30 adam yanıma gəlirdi, onları dinləyirdim. Özümə katibə də götürmüşdüm, yazı-pozu ilə məşğul olurdu. İndi maşallah, deputatların köməkçiləri var. O vaxt mən özümə köməkçi tutmuşdum.

Mən birinci çağırışda olanda ən böyük şikayət qazla bağlı idi. Maştağa, Nardaran camaatı şikayətlənirdi ki, qaz yoxdur. Sonra araşdırdım ki, İkinci Dünya Müharibəsindən əvvəl istəyiblər qaz çəksinlər, 1948-ci ildə başa çatdırıblar. Onun da 1995-2000-ci illərə qədər içi qrunt dolu idi, bu məsələni parlamentdə qaldırdım. Sonra bundan Ulu Öndər xəbər tutdu, Allah ona rəhmət eləsin. Deyib ki, soruşun Əsmətxanım müəllimədən ki, əhali qazın pulunu ödəyirmi? Mən də maraqlandım ki, ödəyirlər. Sonra biz Suraxanı tərəfindən qazı 24 millimetrlik çəkdirdik. Biz Heydər Əliyev adına Parkımızda onu məşəllə yandırdıq, parlamentdən adamlar gəldi, açılış oldu. Camaatın dediyinə görə, fəal deputat olmuşam.

- Bəs sizcə, ötən 30 ildə həmin problemlər həll olunub, yoxsa elə qalıb?

- Çoxu həll olunub. Əslində bu, deputatın işi deyildi, amma camaat məni öndə bilirdi, düşünürdü ki, səs vermişik, eləməlidir. Məsələn, orada bir məktəb var idi, müharibə vaxtı xəstəxanaya çevirmişdilər, üstü damırdı. Mən məsələni qaldırdım, Dövlət Neft Şirkətinin prezidenti (red. 1993-2005) Natiq Əliyev yardım elədi, məktəbin üstü qaldırıldı, təmir olundu. Mən kim idim ki, məktəb üstü düzəltdirəm?! Dövlətim mənə arxa dururdu.

- Siz siyasətə gələndə, qadın siyasətçilərin sayı az idi. Bu sizi narahat edirdi? Yaxud da “qadından siyasətçi olmaz” kimi fikirlərlə rastlaşırdınız?

- Xeyr. Millətim, xalqım həmişə mənə hörmət edib. Bu, ailəmdə də belə olub. Bilirik ki, qadın Allahdan sonra yaradıcı qüvvədir, dünyaya övlad gətirir. Ona hörmət də alidir. Mən parlamentdə olanda 15 qadın idik. Qadına elə bir münasibət yox idi.

Nə olsun ki, Maştağada çox məscid var, orada axundların da qızları təhsil alırdı, elmlə məşğul olurdu. Ailədə görürdülər ki, yaxşı oxuyursa, onu elmə yönəldirdilər.

- O dövrün siyasətçi qadınlarından kimlərin adlarını çəkə bilərsiniz?

- Əzizə Cəfərzadə var idi, Əlyazmalar İnstitutunda işləyirdi. Eyni zamanda Qadın Cəmiyyətinin sədri idi; Dilrubə Camalova var idi (red. 1993-2000-ci illərdə Lənkəranın icra başçısı) Çox fəal xanım idi, onunla səfərlərdə olmuşduq; Elmira Süleymanova, keçmiş Ombudsmanımız. Bərdənin deputatı, traxtorçu Tərlan Musayeva, Ağdamdan Çimnaz Əliyeva. General xanımımız Flora Əhmədova var idi (red. İqtisad Məhkəməsinin Rəyasət Heyətinin sədri); Züleyxa Hüseynovanın adını çəkə bilərəm (red. 1965-1970-ci illərdə təhsil naziri).

- Ötən günlərdə Azərbaycan Dillər Universitetinin rektoru Kamal Abdullanın “BUTA.TV”ya müsahibəsində qadınlarla bağlı ünvanlanan suala cavabı tənqid edildi. O deyir ki, qadını evdə saxlayıb uşaqlarına tərbiyə verməyə yönəltsək, daha çox xeyir gətirər. Mən düşünürəm ki, ola bilər, doğrudan da bu gün qadınların çoxu işləməkdən yorulub, ailəsinə, uşaqlarına daha çox zaman ayırmaq istəyir, amma bu qərarı özlərinin vermələrini istəyirlər. Bəlkə də Kamal müəllim elə buna görə tənqid olundu. Siz nə düşünürsünüz?

- Kamal Abdulla sonradan açıqlama yaydı ki, sözünün əvvəli, sonu kəsilib...

- Amma əslində kəsinti olmamışdı. Bildiyiniz kimi, müsahibə saytımızda yayımlanmışdı və​ kəsinti olmamışdı...

- Kamal müəllimi də çox tənqid atəşinə tutmasınlar. Həqiqətən də mən bir xanımın yazısını oxudum, deyir ki, səhər 8-9-dan axşam 8-9-a qədər işləyirəm, maşın da yoxdur, ictimai nəqliyyatla hərəkət edirəm və evə yorğun halda gəlib ailəmə, uşaqlarıma zaman ayıra bilmirəm. Mən elə bilirəm, Kamal müəllim onu nəzərdə tutub. O, sonra açıqlama da yaydı ki, istedadı olan xanımları nəzərdə tutmur. Bəlkə də dövlətin bütün işləri düzələndən sonra, çünki inkişafa gedirik, onda qadınların iş saatı 2 saat azaldıla bilər. İnkişaf niyə deyirəm, çünki biz əvvəlki parlamentdə 12 manat maaş alırdıq, indikilərdən fərqli olaraq. Həqiqətən mən özüm də çox çətinlik çəkmişəm, 4 uşağı Maştağada qoyub işə gedirdim. Allah rəhmət eləsin, nə yaxşı ki, qayınanam var idi. O uşaqları rəssamlıq, xəttatlıq, musiqi və s. kurslara qoyurdum ki, başqa uşaqlara qoşulmağa vaxtları olmasın. Yəni qadınların iş saatı azaldılsa, yaxşı olar. Çünki uşağı ana tərbiyə edən kimi heç kəs edə bilməz. Yəqin Kamal müəllim də o mənada deyib. O mənim tələbəm olub.

Gələn rəylərdən biri də belə idi ki, atalar niyə kömək etmir qadınlara? Əslində hər ikisi köməkləşməlidir. Mən o rəhmətlik həyat yoldaşıma minnətdaram, çətin vaxtlarımda mənə çox kömək edib. O, energetika mütəxəssisi idi, işi çətin idi, evə yorğun gəlirdi. Buna baxmayaraq, uşaqların dərsləri ilə məşğul olurdu, ev işlərində mənə kömək olurdu. Ailə gərək işləri bölüşdürsün. Hər şey qadının üstünə düşəndə uşaqlarla necə məşğul olacaq?! İslamda da qadınla kişiyə fərq qoyulmayıb. O cəhətdən, Kamal müəllimlə razı deyiləm ki, qadın özü haqqında özü qərar verməlidir. Bizim dinimizdə elmə, qələmə and içilib.

- Siz şərqşünas alimsiniz. Bildiyiniz kimi, Şərqdə qadına səsvermə hüququnu ilk Azərbaycan verib. Amma təəssüf ki, bu gün Qərb qadını ilə müqayisədə Şərqdə qadına münasibət aşağıdır.

- Baxır harada aşağıdır... Qadın da gərək elə etsin ki, ona aşağı baxmasınlar. Hər kəsin çiyninin məsuliyyəti var. Ananın məsuliyyəti atadan artıqdır. Kişilər evdə xörək bişirmir axı, qadınlardan 2 saat daha artıq işləyə bilərlər. Yəni 8 saatdan çox işləməsinlər təbii ki. Amma qadın 6 saat işləsin. Çünki qadının ailədə rolu daha böyükdür.

- Güclü qadınlar bəzi kişilərdə niyə narahatlıq yaradır?

- Yaradırmı? Mən bilmirəm. Çünki ətrafımda elə bir münasibət görməmişəm. Demirəm, mən güclü qadınam, amma nə atam evimdə, nə köçdüyüm evdə özümə qarşı elə bir münasibət görmüşəm.

- Bəlkə sizin dövrün kişiləri ilə indikilər fərqlidir?

- Onlar da gərək belə etməsinlər. Çünki “qadın evə baxsa, abad olar, baxmasa, bərbad olar” deyiblər. Ailədə hər şeyi sahmanlayan qadındır. Kişi də o qadına zaman ayırıb, ona yaxşı baxsın, uşaqlarını gəzməyə çıxarsın. Bizdə məsələn, ilin elə günləri var idi ki, uşaqların günü olurdu. Həmin günlərdə uşaqları sərgiyə, muzeyə aparardıq. Bizim elə ailəvi şəkillərimiz də var.

Oğlum Cavidin gözəl şeirləri var. Rəhmətlik qızım Fərəh neçə dil bilirdi – fransız, ərəb, rus dili və s. Oğlum Fəridin əlindən hər iş gəlir, həmişə deyirəm ki, on barmağında on mərifət var. Kiçik qızım Fidan farsistdir, mənim yolumla gedib. Həm də Rəssamlar İttifaqının üzvüdür, gözəl əsərləri var. Cavidin “Sənsiz” şeirinə Elza Seyidcahan musiqi bəstələyib. Orta Asiyada hit olmuşdu. “Mən səni görməyəndə” şeirinə isə Xanım İsmayılqızı musiqi bəstələyib, İlhamə Quliyeva isə ifa etmişdi. Keçən il Xanım İsmayılqızının yaradıcılıq gecəsinə dəvət edilmişdik, təbii ki, Cavid qatıla bilmədi, amma biz iştirak etdik. Orada “Mən səni görməyəndə” mahnısını Alim Qasımovun qızı Fərqanə xanım ifa etdi. Dünyamı dəyişməmiş Cavidə onun şeirlərindən ibarət bir kitab borcluyam. Onun da başına bir hadisə gəldi...

- Bu barədə danışmaq istəyərsiniz?

- Bəziləri bilir, bəziləri yox. O, BDU-nun Hüquq fakültəsində oxuyanda hərbi hazırlıq dərsində “qorka”nın üstündən atlananda yıxılmışdı. Boyu da çox hündür idi, ayağı nəyəsə ilişib yıxılanda huşunu itirib, müəlliminin də xəbəri olmayıb. Onurğasında fəqərə sümükləri əzilmişdi. Biz onu Moskvaya apardıq, 22-ci günündə əməliyyat olundu. Əgər 8-9 günün içində əməliyyat olunsaydı, düzələrdi. Nəysə, o uşaq əlil arabasında qaldı. Nişanlı idi. Allah nişanlısının ömrünü uzun eləsin. O dedi ki, iki gözü qalsa da, mənə bəsdir. Mən onların toyunu edəndə Cavid əlil arabasında, nişanlısı da hündür qəşəng qız onun yanında idi. Toya çağırmadığım adamlar belə gəlmişdi. Parlamentdən də xeyli adam gəlmişdi – Zəlimxan Yaqub, Fəttah Heydərov, kimlər-kimlər...

Allah on ildən sonra onlara iki qız övlad verdi. Birinə Əsmətxanım, digərinə Zümrüdxanım adını verdik.

- Azərbaycan strateji məkanda yerləşir, bu baxımdan bəzən xarici qüvvələr tərəfindən dindən müxtəlif məqsədlər üçün istifadə edilir. Buna farspərəst qüvvələri də aid edə bilərik. Bəzən bunu İranda təhsillə əlaqələndirirlər. Onu da qeyd edim ki, ölkəmizdə vaxtilə nurçuların da sayı çox idi, amma bu təriqətin qarşısı alındı. Bu barədə sizin fikirləriniz necədir?

- Bizim dinimiz çox gözəldir, dinimiz kimi din yoxdur. O şəxslər ki, deyirlərsə, gedək filan yerdə din öyrənək gələk, səhv edirlər. Bizim gözəl alimlərimiz var. Dinimizi öz xalqımızdan öyrənsinlər. Sonra da dövlətdən xahiş edirlər ki, onları orada tutdular, incitdilər, kömək edin. Siz elə oturub burada öyrənin də.

- Necə oldu ki, aktiv siyasətdə olan xanım kimi başınızı bağladınız?

- Nənəm, anam həmişə gözəl çadralar örtərdi. Mən 1990-cı ilə qədər başımı bağlamamışam, heç kəs də mənə deməyib ki, başını ört. 1989-1990-cı illərdə Meydan hadisələri vaxtı azadlıq olandan sonra dedilər ki, Məşhəd yolu açılır. Qardaşım mənim və həyat yoldaşının adını Məşhədə ziyarətə getməyimiz üçün yazdırdı. Orada bir gün gecə ziyarət zamanı dua etdim ki, ay Allah, mənə qüvvət ver, başımı bağlayım.

Parlamentə seçiləndə də Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Rafael Allahverdiyevə (1993-2000-ci illərdə) dedim ki, mənə desələr ki, başını aç, açmayacağam ha! Dedim ki, cənab Prezidentdən soruşun. Allah ona rəhmət eləsin, Ulu Öndərdən soruşmuşdular, demişdi ki, onu xalq seçib, necə istəyirsə, elə də oturacaq. 

Onda neçə yaşınız var idi?

- 49. Heç 50 də olmamışdı (gülür)

- Azərbaycanda yas mərasimlərinin təmtəraqlı keçirilməsi məsələsi də aktualdır. Bu barədə fikirləriniz maraqlıdır.

- Toy da, yas da mənim ürəyimi ağrıdır. Camaat xərcə düşür. Belə olmamalıdır, Türkiyə və digər ölkələrə baxsınlar. Bu qədər sivildilərsə, Avropa ölkələrinə baxsınlar. Yüngülvari xörəklə də toyu yola vermək olar. İsrafçılıq düz deyil, yarışa giriblər? Bir neçə adda yemək qoyulsa, nə gözəl olar. Gedib baha-baha şeylər alıb qoyurlar. Biz ziyalılar buna etiraz etməliyik. Düz deyil, haramdır. Bəzən kənddə öküz kəsib toy edirlər. O adama daha çox xoş gəlir, nəinki şadlıq sarayları.

- Elə bəlkə də ona görədir ki, gənclər bu gün evlilik məsuliyyətini götürməkdən qorxurlar?

- Mən inanmıram ona görədir. Gənclər telefondan doyurlar elə. Mən dərsə girəndə tələbələrimə deyirəm ki, telefonlar pəncərənin kənarına! Telefon xəstəlikdir.

- Bütün gün tələbələrin arasında olan şəxs kimi, siz əvvəlki dövrün gəncləri ilə indikilərin tərbiyəsi arasında hansı fərqləri görürsünüz? Biz gənclərdə nələri bəyənmirsiniz?

- Allah sizi var eləsin. Mən bütün gəncliyə aşiqəm. Məndə gənclərə, tələbələrə qarşı böyük məhəbbət var. Siz gəncliyin texnologiyaya açıq olmağınız üstünlüyünüz, kitab oxuya bilməməyiniz mənfi cəhətinizdir. Çünki biz hər şeyi kitablardan öyrənmişik. Əyləncəyə çox vaxt ayırırlar.

- Zaman-zaman məmurların korrupsiya əməlləri ilə bağlı müxtəlif əməliyyat videoları yayımlanır. Sizcə, məmurlar niyə öz vəzifələrindən sui-istifadə hallarına yol verirlər?

- Həyatım boyu böyük vəzifələrdə olmamışam. Ancaq mənim belə adamlara sadəcə yazığım gəlir. Mövlanə deyir ki, ac gözünün kuzəsini torpaq doldursun. Onlar bilməlidirlər ki, nəyi qazansa da, bu dünyada qalacaq və biabır olacaq. Bir adamsan, 50 və ya lap 200 kvadrat metr ev sənə bəsdir. Baxırsan, camaatın hesabına hektarlarla torpaq, villa alırlar. Adam xəcalət çəkir.

- Ara-sıra KİV-də deputatların da qanunsuz biznesləri ilə bağlı məlumatlar yayılır. Qanunverici orqanın üzvlərinin qanunsuz əməl törətməsinə münasibətiniz necədir?

- Çox pis... Əllərinə bir qələm verirlərsə, ora bir imza atacaqlarsa və bundan mənfəət güdürlərsə, həm dövlətinin, millətinin, həm də özünün düşmənidir. Kimin əlinə baxırsansa, bu, nə vaxtsa ayan olur. Hər kəs öz işinin əsgəri olsa, daha gözəl olmazmı?! Cəmiyyətdə də bu qədər narazılıq yaranmaz.

- Son ayların ən aktual mövzularından biri də intensiv yağışlar səbəbilə yaranan subasma hadisələridir. Bu problemi daha çox Bakı kəndləri yaşayır. Sizcə, kanalizasiya və suyun axıdılması niyə illərdir problem olaraq qalır?

- Yağış Allahın bərəkətidir. Bilmirik nə vaxt yağacaq, necə olacaq. Bakıətrafı kəndlər də qaydaya düşməlidir, kanalizasiyaları olmalıdır. Bu, bəlkə də deputatın işi deyil, amma seçicilərlə görüşməlidirlər.

- Hazırkı deputatlardan hansılarla əlaqələriniz var?

- Çox əlaqəm yoxdur, amma onlar məni tanıyırmışlar. 85 illik yubileyimə Zahid Oruc, Anar İsgəndərov, Aydın Mirzəzadə, Səyyad Aran, Jalə Əliyeva və digərləri gəlmişdi. Günay Əfəndiyeva gül göndərmişdi. Hicran Hüseynova məni parlamentə çağırıb təbrik elədi. Fazil Mustafa təbrik göndərmişdi. Vitse-spiker Ziyafət Əsgərov əvvəl mənim qonşum olub, o Rumıniyadan zəng etmişdi ki, gələ bilmir. İmamverdi İsmayılov isə Qırğızıstandan zəng vurmuşdu. Sağ olsunlar, məni diqqətdən kənarda qoymamışdılar.

- 50 yaşdan sonra qadınların bir çoxu özünü artıq yaşlı hesab edir. 85 il ömür yaşamış xanım kimi, həmcinslərinizə nə deyə bilərsiniz?

- Uşaq olanda kimisə 50 yaşında görəndə bizə çox gəlirdi. Amma özümün 50 yaşımda o yaş necə gəlmişdi, heç bilmədim... 85 yaşın da həmçinin necə gəldiyini bilmədim. Qadınlar təbii qocalsınlar, onda gözəl olurlar. Tövsiyəm budur!

- Elə mən bu mövzuya da toxunacaqdım ki, sizin dövrün qadınları təbiiliyə üstünlük verirdilər, indiklər isə yaşlanmaq qorxusu ilə botoksa, dolğulara üz tuturlar...

- Özləri bilər, heç kəsin haqqına girə bilmərəm. Ancaq məsləhətim budur ki, təbii qocalsınlar. Bundan başqa, təbii yeməklər yesinlər. Məsələn, mən çox şirin şey yemirəm. Daha çox göyərti, meyvə yeyirəm.

Mənim də böyük dərdlərim var, amma ilk növbədə Allaha şükranlıq edirəm. Məni böyüdən ailəmə, balalarıma minnətdarlığım var, həmişə mənə diqqət ediblər. Biri məni yarı yolda qoydu, Fərəh qızım. Onun balalarının yanındayam, ağıllı uşaqdılar. Müəllimlərimə şükranlığım var. Fərəh qızım 4-cü kursda oxuyurdu, bir qrup yaratmışdı, güllə atmağı öyrənmişdi. Birinci Qarabağ Müharibəsi vaxtı döyüşməyə görə evdən qaçmışdı, amma onların qarşısını Cəlilabadda kəsmişdilər. Oğlum Fərid də 19 yaşında 7-8 oğlanla Qarabağa döyüşməyə getmişdi. Orada vuruşublar, amma qəribədir ki, hələ də veteran kitabçasını ala bilmir. Məhkəməyə müraciət edəcəyəm.

Qarabağ bizim ürəyimizdən belədən belə keçib... 8 mayda Şuşa alınanda biz 10 gün evdə xörək bişirmədik, ancaq pendir-çörəklə, su ilə qidalandıq. Ümid edirdik ki, Şuşa alına bilməz, ermənilər Şuşaya çıxa bilməz. Amma Şuşa alındı, sonradan isə onun azadlığını gördük. 

Tələbələrimdən ikisi əsgər idi, mən bağda idim, onlar mənə yazmışdılar ki, Şuşa alınıb. Yəni mən bunu noyabrın 8-dən də əvvəl bilirdim, amma susurdum. Çünki dövlətçiliyi qorumaq lazımdır. Bu xəbəri alanda bütün qonşularıma 20 manatdan pul payladım.

Nuranə Daxilqızı

Foto-Video: Xəyal Vəlizadə




Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol