Prezident Administrasiyasının sabiq rəhbəri, AMEA-nın sabiq prezidenti, akademik Ramiz Mehdiyev barəsində ittihamlar və onun ev dustaqlığına məhkum edilməsi ictimai rezonans doğurub.
BUTA.TV xəbər verir ki, bundan öncə də Ramiz Mehdiyev barəsində ciddi ittihamlar səsləndirilmiş, onun Rusiyanın maraqlarına xidmət etdiyi az qala fakt olaraq ortaya qoyulmuşdu, ancaq cinayət işinin açılması və həbsi gündəmə gəlməmişdi. Görünür, yaşının çoxluğu və onun haqda olan məlumatların “nəzarətdən kənar olmaması” Ramiz Mehdiyevi həbsdən qoruyurdu.
Bəs, necə oldu ki, bütün siyasi-elmi fəaliyyətdən çəkildiyi bildirilən 87 yaşlı akademik barəsində ölçü götürmək qərarı verildi?
Bu haqda saytımızı məlumatlandıran mənbənin iddiasına görə, Ramiz Mehdiyevlə bağlı istintaq orqanının təqdimatı ötən gün – 14 oktyabrda deyil, 13 oktyabrda təqdim edilib və Səbail Rayon Məhkəməsi də qərarını bazar ertəsi qəbul edib.
Mənbə vurğulayıb ki, Ramiz Mehdiyevin məhz bu yaşda həbsinin səbəbi Adnan Əhmədzadə ətrafında aparılan istintaqdır. Belə ki, A.Əhmədzadə istintaqla aktiv şəkildə əməkdaşlıq etməyə davam edir və onun etirafları R.Mehdiyevin həbsini qaçılmaz edib.
Ən ciddi məqam isə R.Mehdiyevin həbs olunduğu maddələrdir. Yəni Adnan Əhmədzadə ölkənin iqtisadi təhlükəsizliyinə qarşı təxribat və xüsusilə külli miqdarda mənimsəmə ittihamı ilə həbsdədirsə, R.Mehdiyev dövlətə xəyanət, hakimiyyəti zorla ələ keçirmə maddələri ilə ittiham olunur.
Hakimiyyətin zorla ələ keçirilməsi ittihamı varsa, bu, heç bir halda təkbaşına törədilən cinayət deyil və burda komandanın çalışdığı şübhəsizdir.
Adnan Əhmədzadə üzərindən həyata keçirilən əməliyyatda Azərbaycanın iqtisadi etibarlılığının itirilməsi, külli miqdarda zərərə uğraması hədəflənirdi və bu, ehtimal ki, hakimiyyətin zorla ələ keçirilməsi ssenarisinin tərkib hissəsi olub: Azərbaycanın etibarlı tərəfdaş imicinin korlanması, Avropanın enerji təhlükəsizliyində müstəsna rolunun şübhə altına alınması, paralel olaraq, Azərbaycanı Rusiyanın sanksiyaları yarmaq oyununda “vasitəçi” olduğunu göstərmək və nəticə etibari ilə Azərbaycana Qərbin siyasi dəstəyini zədələmək.
Bu mənfur ssenaridə 25 dekabr 2024-cü ildə Qroznı səmasında AZAL təyyarəsinin vurulmasının hər hansı əlaqəsi varmı?
Hakimiyyətin zorla ələ keçirilməsi ittihamı varsa, ən dəhşətli ssenarilər, o cümlədən sui-qəsd ssenariləri də hazırlana bilərdi.
Beləliklə, Ramiz Mehdiyevin həbsi hər mənada tektonik yerdəyişmədir, siyasi zəlzələdir: Hakimiyyət illər öncə xətir-hörmətlə yola saldığı qocanı, “hər şeydən çəkilmiş siyasi meyiti” həbsə atmağa qərar verirsə, bunun səbəbi dəhşətlidir.
Ramiz Mehdiyev daha hansı şəbəkəyə rəhbərlik edirmiş? Bu əməliyyatda təbliğat funksiyasını yerinə yetirəcək komanda kim olub? Həmin komandanın qorunması üçün hazırda vəzifədə olan məsul şəxs varmı? Bu şəxs və ya şəxslər dövlətin bəlli sahələrə himayəsindən öz məqsədləri üçün necə istifadə edir və hansı addımları atırlar ki, mövcud hakimiyyətdən mümkün narazılıqlar yaransın?
Ramiz Mehdiyevin və Əli Həsənovun “əli” daha hansı qurumlardadır? R.Mehdiyevin 25 il çalışdığı qurum doğrudanmı onun tör-töküntülərindən tam təmizlənib?
Bu sualların cavabı tamamilə ictimai açıqlanması olmaya bilər, ancaq şəbəkənin ifşasının davam edəcəyi böyük ehtimaldır.
- Diaspor rəhbərimiz Rusiya vətəndaşlığından məhrum edildi
- Azərbaycan layihələri Britaniyanın sanksiyalarından azad edildi
- Ramiz Mehdiyevin yazışmaları ortaya çıxdı
- Hikmət Hacıyev Almaniyanın dövlət katibi ilə görüşdü
- İstanbulda 5 milyonluq oğurluq: Azərbaycanəsilli qarətçilər saxlanıldı
- Qəbələ, Laçın, Gəncə kimi şəhərlər... - Zaxarova
- Müsəlman ölkələr arasında toqquşma: Tramp barışdıracaqmı?
- Azərbaycan hərbi qulluqçuları Qarsda təlimdə - Foto