Yeni tənzimləmə türk soylu əcnəbilər üçün statusun müəyyən edilməsində aydınlıq, meyarların açıq şəkildə göstərilməsi və peşə hüququ üzrə istisnaların qorunması kimi üstünlüklər yaradacaq. Digər tərəfdən isə bu qərarla kimlik meyarlarına gətirilmiş yeni tələblər və gücləndirilmiş inzibati nəzarət bəzi şəxslər üçün çətinliyə səbəb ola bilər.
Bu sözləri BUTA.TV-a açıqlamasında ehtiyatda olan türkiyəli general Yücel Karauz bildirib.
Karauz qeyd edib ki, Türkiyə prezidenti kimin türk əsilli sayılacağını müəyyən edəcəyi üçün icmalar arasında müxtəlif qiymətləndirmələr azala bilər:
“Həmçinin müəyyən icmalar konkret və aydın şəkildə göstərilərsə, türk soylu statusunun da səbəbsiz və subyektiv şəkildə rədd olunması riski azalacaq. Bu da qeyri-müəyyənliyə yol açan halların qarşısını alınmasına gətirib çıxaracaq.
Digər tərəfdən, türk mənşəli əcnəbilərə bəzi hallar istisna olmaqla, yalnız Türkiyə vətəndaşlarının işləyə bildiyi peşələrdə işləməyə icazə verilir. Yeni qaydalarda bu imkan qorunaraq qüvvədə qalıb. Yəni əvvəl mövcud olan bu hüquq yeni tənzimləmə ilə də davam edəcək. Eyni zamanda, türk soylu əcnəbilər üçün əgər ölkə xaricindədirlərsə, 3 aya qədər iş icazəsi tələb olunmadan işləmə şəraiti yaradacılacaq.
Bundan əlavə, yeni tənzimləmə sənəd yoxlanmasını, uyğunluq və şərtlərin dəqiqləşdirilməsini, həmçinin müraciətlərin tam və düzgün şəkildə təqdim edilməsini təşviq edir. Bu da uyğun namizədlər üçün müraciətin qəbul olunma ehtimalını artıra bilər. Həmçinin müraciət qaydaları və meyarlar daha aydın şəkildə təqdim olunarsa, müraciət prosesləri daha nizamlı və səmərəli şəkildə həyata keçirilə bilər”.
Türkiyəli general yeni nizamnamənin tətbiq edilməsində çətinlik yaradacaq məqamları da vurğulayıb:
“Türk əsilli əcnəbilərin mərkəzləşdirilmiş qərarla müəyyənləşdirilməsi bəzi icmaların “türk soylu” statusu hüququndan məhrum olmasına səbəb ola bilər. Hətta fərqli soy bağlılığı olan şəxslərin bu statusdan faydalana bilməmə ehtimalı da var.
Həmçinin bu qərardan sonra sənəd tələbləri və qiymətləndirmə müddəti də arta bilər. Belə ki, kriteriya siyahısı və bu çərçivədə tələb olunan sənədlər, müddətin uzanmasını və bəzi müraciətlərin gec cavablandırılması ilə nəticələnə bilər.
Digər tərəfdən, yeni sistemin tətbiqi üçün dövlət qurumlarının infrastruktur, insan resursları və nəzarət qabiliyyəti önəm qazanacaq. Müraciətlərin çox olması halında da gecikmələr baş verə bilər.
Eyni zamanda, etnik kimlik, peşəsini icra edə bilməmək, fərqli kimlik kimi meyarlar şəxsi və qeyri-obyektiv qiymətləndirmə ehtimalını artıra bilər. Yəni bu şərtlərin qeyri-müəyyən və subyektiv şərh edilmə ehtimalı müraciətin rədd olunması hallarını da bir o qədər artırır.
Bundan əlavə, dəyişiklik dövründə müvəqqəti qeyri-müəyyənliklər yaranacaq. Çünki qaydalar yeni qüvvəyə mindiyindən, qaydaların tətbiqində doğru olmayan məhkəmə qərarları, həmçinin tənzimləyici reaksiyalar riski də mövcud olacaq”.
Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “Türk soylu əcnəbilərin Türkiyədə peşə və sənətlərini sərbəst şəkildə icra edə bilmələri, dövlət və ya özəl müəssisələrdə çalışdırılmaları haqqında qanunun tətbiqi ilə bağlı Əsasnaməyə dəyişiklik edilməsi” barədə qərar imzalayıb.
- Diaspor rəhbərimiz Rusiya vətəndaşlığından məhrum edildi
- Azərbaycan layihələri Britaniyanın sanksiyalarından azad edildi
- Ramiz Mehdiyevin yazışmaları ortaya çıxdı
- Hikmət Hacıyev Almaniyanın dövlət katibi ilə görüşdü
- İstanbulda 5 milyonluq oğurluq: Azərbaycanəsilli qarətçilər saxlanıldı
- Qəbələ, Laçın, Gəncə kimi şəhərlər... - Zaxarova
- Müsəlman ölkələr arasında toqquşma: Tramp barışdıracaqmı?
- Azərbaycan hərbi qulluqçuları Qarsda təlimdə - Foto